“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda uşaqların sağlamlığının qorunmasına böyük önəm verilir. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində mobil tətbiqlərin və interaktiv internet portallarının yaradılması əsas istiqamətlərdən biridir.
Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) uşaqların sağlamlığının qorunmasının əhəmiyyətini nəzərə alaraq, məktəblilər, valideynlər və müəllimlər üçün “Sağlam uşaq” internet portalı, eləcə də mobil tətbiqi hazırlayaraq, istifadəyə verib.
“Sağlam uşaq” internet portalında (https://saglamusaq.az/) məktəblilərin sağlam inkişafına təkan verən faydalı məlumatlar, maarifləndirici materiallar, videoçarxlar və interaktiv oyunlar yerləşdirilib.
Portal “Uşaq”, “Valideyn” və “Müəllim” bölmələrindən ibarətdir. Ümumi olaraq portala hazırda 583 məqalə, 200 maarifləndirici material, 131 videoçarx, 30-dan çox infoqrafika və uşaqlar üçün maarifləndirici oyunlar yerləşdirilib. Portal Azərbaycan və rus dillərində təqdim olunub. Gələcəkdə yeni materialların yerləşdirilməsi nəzərdə tutulub.
Eyni zamanda, portalın materialları əsasında hazırlanan “Sağlam uşaq” mobil tətbiqi də istifadəyə verilib. “AppStore” və “PlayMarket” vasitəsilə tətbiqi telefona yükləyərək, məlumatlardan faydalanmaq mümkündür.