Avrokuboklarda dünən keçirilən matçlardan sonra yeni UEFA reytinqi açıqlanıb.
Oxu.Az xəbər verir ki, “Qarabağ” Azərbaycana növbəti xalları qazandırıb.
“Atlılar” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la evdə 1:1 hesablı heç-heçə edərək buna nail olub. Bakı Olimpiya Stadionunda baş tutan görüşdə qeydə alınan bərabərlik ölkə reytinqinə 0,125 xal əlavə olunmasına imkan verib. Beləliklə, ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.
Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.
Sıralamaya 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71,569) üçüncüdür.