Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin internet üzərindən növbəti görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov yığıncaqda iştirak edib.
EKF-in ispaniyalı prezidenti Antonio Espinos 2022-ci ilin tədbir və yarışları barədə danışıb. O xatırladıb ki, Ukraynada məlum hadisələrlə əlaqədar bu mövsümün Moskvada nəzərdə tutulan son Karate1 Premyer Liqa mərhələsi keçirilməyəcək. Yarışın hər hansı digər şəhərdə keçiriləcəyi hələ müəyyənləşməyib və belə mötəbər turnirə hazırlıq vaxt azlığı baxımından çətin olacağından, yarışın təxirə salınması ehtimalı var. Elə olarsa, sentyabrda Bakıda keçiriləcək Karate1 Premyer Liqa turniri mövsümün son nüfuzlu yarışı ola bilər.
Espinos həmçinin Azərbaycanın Bakıda 2015-ci ildə Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil etdiyindən, Premyer Liqa kimi mötəbər yarışı da uğurla keçirəcəyinə inandığını bildirib.
Yarışa hazırlıqla bağlı danışan Yaşar Bəşirov gələn il Karate1 Premyer Liqa turnirini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilməsi təklifini verib. Antonio Espinos təkliflə bağlı rəhbərlik etdiyi beynəlxalq təşkilatın müvafiq məsul şəxsləri ilə bu barədə müzakirələr aparılacağını bildirib.
Qeyd edək ki, Bakıda 2-4 sentyabr tarixlərinə planlaşdırılan Karate1 Premyer Liqa turnirinin Milli Gimnastika Arenasında keçiriləcəyi nəzərdə tutulsa da, həmin tarixlərdə arenada yarış olduğu bildirilir. Hazırda bu məsul yarışın keçiriləcəyi yer barədə məsələ açıq qalır. Ümumdünya Karate Federasiyasının Karate1 Premyer Liqa yarışlarında 80-dək ölkədən 400-dək idmançı və müxtəlif dövlətlərdən 100-dən artıq beynəlxalq hakim iştirak edir.