Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə bir il ərzində üç dəfə vizasız daxil ola biləcəklər.
Bu barədə məlumat sözügedən dövlətlərin XİN-lərinin rəsmi internet saytlarında yerləşdirilib.
Qeyd olunub ki, bu il fevralın 15-dən tətbiq olunmağa başlanan yeni qayda 2027-ci il fevralın 15-dək qüvvədə qalacaq. Hər bir gəliş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Adı çəkilən dövlətlərin vətəndaşları il ərzində dördüncü gəlişlərində keçərli viza təqdim etməlidirlər. (Axar.az)
