Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanla Ermənistan arasında sülh Ukraynanı belə xilas edəcək: Rusiya və İranın...

Azərbaycanla Ermənistan arasında sülh Ukraynanı belə xilas edəcək: Rusiya və İranın...



Ukraynəsilli alim, siyasi şərhçi Taras Kruzo “Eurasia Review” analitik jurnalında Azərbaycan-Ermənistan münasibətləri, Cənubi Qafqazda sülh perspektivləri haqda növbəti yazı ilə çıxış edib. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid edərək qrupun 30 il ərzində heç bir uğur qazanmadığını vurğulayan, bunun səbəbinin Fransa və Rusiyanın qərəzli olması, Vaşinqtonun isə yaxın vaxtlara qədər Cənubi Qafqaza ABŞ-ın milli təhlükəsizlik maraqları üçün strateji əhəmiyyət kəsb edən ərazi kimi baxmaması ilə əlaqələndirir: “Avropa İttifaqı yalnız 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Qafqazda sülh müqaviləsi bağlanmasında maraqlı oldu, lakin Azərbaycanın uzun müddətdir ki, ermənipərəst Fransaya etimadsızlığı səbəbindən Aİ-nin təşəbbüsləri uğursuzluğa düçar oldu”.

Müəllif qeyd edir ki, keçmiş SSRİ ərazisindəki münaqişələrin həlli ilə bağlı Rusiyanın oxşar yanaşması var. Birbaşa Moldova və Gürcüstanda, dolayısı ilə Azərbaycanda etnik münaqişələr yaratdıqdan sonra Kreml danışıqlarla həll yoluna getməkdənsə, münaqişələri dondurmağa üstünlük verdi. İstər “demokratik” Boris Yeltsın, istərsə də imperial millətçi Vladimir Putin dövründə Rusiyanın təhlükəsizlik maraqları eyni qaldı; yəni dondurulmuş münaqişələrdən Avrasiya üzərində təsir dairələri kimi hərbi bazalar yaratmaq üçün istifadə etmək.

Ermənistanın baş naziri Nikol Paşinyan, ölkəsi 2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlub olandan bəri Rusiya siyasətini tənqid edir. O, dəfələrlə bildirib ki, Ermənistan hərbi yardım göstərməyən Rusiya tərəfindən xəyanət hiss edir.

Kruzo hesab edir ki, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar sülh perspektivi vəd edir. Ötən il Azərbaycan Qarabağda işğal olunmuş ərazilərinin son hissəsini geri aldı. Sülh danışıqlarını asanlaşdıran amillər arasında azərbaycanlıların 79%-nin Ermənistanla sülh müqaviləsinin imzalanmasına inanması və Ermənistanda rusiyayönlü “Qarabağ klanı”nın (keçmiş prezidentlər və baş nazirlər Serj Sarkisyan və Robert Köçəryan başda olmaqla) marjinallaşması da kömək edir.

Xatırladaq ki, Prezident İlham Əliyev yerli telekanallara verdiyi son müsahibədə bildirib ki, sentyabr əməliyyatından sonra faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait yaradılıb: “Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və bu, ikitərəfli formatda imzalanmalıdır. Kimsə kömək etmək istəyirsə, buna da etiraz etmirik. Ancaq bu kömək məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik”.

Göründüyü kimi, Azərbaycan tərəfinin birbaşa, vasitəçilərsiz sülh təklifləri qərəzsiz müşahidəçilər tərəfindən də ən məqbul variant kimi nəzərdən keçirilməkdədir.

Kruzo Rusiyanın zəifləməsindən sonra Türkiyə və İranın regionda yarana bilən boşluğu doldumağa çalışdıqlarını qeyd edir: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması 1993-cü ildən sərhədi bağlı olan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına qapı açacaq”.

Tehranın roluna gəlincə, müəllif, İranda rəsmən yürüdülən “böyük İran”(İranşəhri) ideyasını “velikorus” şovinizmi ilə müqayisə edir: “Rusiya Ukraynaya, lazım gələrsə, zorla vətənə qaytarılmalı olan itirilmiş əyalətə necə baxırsa, İran Azərbaycana da eyni cür baxır. İran teokratiyasını idarə edən fars millətçiləri azərbaycanlıların ayrı xalq olduğunu inkar edirlər, necə ki, rus imperiya millətçiləri ukraynalıları ümumrusiya xalqının bir qolu hesab edirlər”.

Müəllifin proqnozuna görə, 2024-cü ildə Cənubi Qafqazda Ermənistanla qonşuları - Azərbaycan və Türkiyə arasında sülh məsələsində sıçrayış olacaq. Qərb bu sıçrayışa töhfə verməsə də, bu üç ölkə arasında münasibətlərin normallaşması Rusiya-İran təsirinin azaldılmasına, Ukrayna və İsraildə anti-Qərb şər oxu ilə müharibədə olduğu bir vaxtda Qərbin gücünün artmasına kömək edəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ