Sizin reklam burada
Sizin reklam burada

Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi

Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi


“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”, - bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib.

Öz nəcib təşəbbüsləri və humanistliyi ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Mehriban xanım Əliyeva bütün vədlərinə sadiq qalaraq Azərbaycan dövlətinin xarici və daxili siyasətinə layiqli töhfələr verir.

Mehriban Əliyeva, həmçinin Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna da uğurla rəhbərlik edir. Eyni zamanda, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Fondun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz Mehriban xanım Əliyevanın yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət steoritiplərinin hakim olduğu bir dönəmdə Heydər Əliyev Fondu minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olub.

Son dövrlər Azərbaycanda idmana olan dövlət qayğısı da öz bəhrəsini verməkdədir. Bu qayğının nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır. İdmanın inkişafının ölkə siyasətinin prioritetlərindən biri olduğunu vurğulayan Mehriban xanım Əliyeva deyir: “İdmançılarımızın uğurları, müasir idman infrastrukturu, idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin sürətli inkişafı 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi üçün Avropa Olimpiya Komitəsinin qərarına səbəb olan əsas amillərindən idi”. Birinci vitse-prezidentlik dönəmində Mehriban Əliyevaya daha bir ali mükafat - idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətləri müqabilində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti ölkə daxilində olduğu kimi beynəlxalq səviyyədə də olduqca yüksək qiymətləndirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva həm də beynəlxalq arenada böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının, dünyanın məşhur siyasətçilərinin Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşlərdə ona dərin hörmət bəslədiklərini açıq-aydın görə bilərik. Bunun da ilk növbədə başlıca səbəbi odur ki, Birinci vitse-prezident Azərbaycanın qlobal əməkdaşlığın dərinləşməsində rolunu daim artırmağa səy göstərir, xalqımızın zəngin ənənələrinə əsaslanaraq Yer üzündə tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır.

Azərbaycan xalqı Mehriban xanımı çox sevir və ona səmimi qəlbdən inanır, çünki cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələri məhz onun sayəsində canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlıq, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Bu, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrini həmin problemlərin həllində iştiraka sövq edib.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!”, - deyən Mehriban Əliyeva ürəklərə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə yol tapıb. O, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib, xeyirxahlıq yolunu seçib. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. O, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Birinci vitse-prezident Mehriban xanımı köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış insanlar Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

Ona göstərilən etimadı hər zaman layiqincə doğruldan Mehriban xanım Əliyeva bütün cəhətləri ilə xalq adamıdır, milyonların sevgisini və dəstəyini qazanmış dövlət xadimidir.



Taleh Salehov,
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ