Sizin reklam burada
Sizin reklam burada

Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət

Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət


Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu və genişmiqyaslı fəaliyyəti ölkəmizin inkişafı, iqtisadi qüdrətinin artırılması, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Milli maraqlarımızın müdafiəsi, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, əmin-amanlıq, tarixi, mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşdırılması və möhkəmləndirilməsi kimi olduqca vacib missiyanın öhdəsindən layiqincə gələn Mehriban xanım Əliyeva xalqımızın milli-mənəvi, qədim ənənələrimizlə bağlı olan multikultural dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir.

Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. 21 fevral 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti postuna təyinatı respublikamızın ictimai-siyasi həyatında əlamətdar hadisəyə çevrilməklə cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilib. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başlayıb. Bu müdrik qərar idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verib, inkişaf, müasirləşmə strategiyasının bundan sonra da uğur qazanmasına əhəmiyyətli təkan olub.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasına səbəb olub. Dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanımın siması və xoşməramlı fəaliyyəti ilə tanıyır. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri əhatə edir. Azərbaycan tarixinin, adət-ənənələrinin, mədəniyyət və incəsənətinin dünya xalqları tərəfindən tanınması üçün apardığı müxtəlif istiqamətli işlər, ölkəmizdə və dünyada dini və tarixi abidələrin bərpası yönündə reallaşdırılan layihələr sayagəlməzdir. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirib. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınıb.

Ölkəmizin təbliği işinə verdiyi misilsiz töhfələr, humanist və xeyriyyəçilik fəaliyyəti respublikamızın hüdudlarını çoxdan aşıb. Ölkəmizdə və ölkəmizdən çox-çox uzaqlarda yüzlərlə, minlərlə sadə insanlar öz ehtiyacları üçün mərhəmətin və sevginin əsl ünvanı olan Mehriban xanıma müraciət edir, Azərbaycanın birinci xanımının xeyirxahlığının işığında arzusuna qovuşurlar. Müxtəlif səviyyəli, fərqli dünyagörüşlü insanların qəlbinə nüfuz etmək, hamını razı sala biləcək qərarlar qəbul etmək asan məsələ deyil. Mehriban xanım Əliyeva bunu həmişə bacarır. Onun çoxistiqamətli fəaliyyətinin kökündə xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, humanizm, xeyriyyəçilik dayanır. İctimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüsləri, genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti ölkəmizin hüdudlarını aşaraq dünyanı dolaşır. Yüksək beynəlxalq tribunalardan etdiyi çıxışlar və qaldırdığı məsələlər ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müqəddəs yolun uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm "Xarıbülbül" Musiqi Festivalının təşkili Birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tarixi Qələbə, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş əsgər və zabitlər yüksək texnologiyalı protezlərlə təmin edilib.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Fondun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar uğurla icra olunur. Bütün ölkə ərazisində "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı ilə yanaşı, "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi proqramların həyata keçirilməsi dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətli işlərdən olub. Məhz bu proqramların icrası nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 müasir təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olub.

Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görüb, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr verib. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına - "Heydər Əliyev" ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Eyni zamanda beynəlxalq mükafatlarla təltif olunmağı Mehriban xanımın yüksək ümumbəşəri ideallara layiqli xidmətininin parlaq təcəssümüdür.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi, geniş ictimai-siyasi fəaliyyəti Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.


Nizami Qasımzadə,
Bakı şəhəri, Sabunçu rayonu, 307 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ