Sizin reklam burada
Sizin reklam burada

Ermənistan KTMT-ni niyə şantaj edir? – Böyük hədəflərin ilkin siqnalları görünməkdədir

Ermənistan KTMT-ni niyə şantaj edir? – Böyük hədəflərin ilkin siqnalları görünməkdədir


Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bildirib. Bu, Ermənistanın KTMT-yə qarşı olan növbəti açıq-aşkar demarşıdır. İrəvan bu demarşını artıq uzun müddətdir ki, davam etdirir.

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O, ötən ilin sonlarına yaxın İrəvanda KTMT-nin sammitinin keçirildiyini xatırladıb. Yada salıb ki, bu sammit çərçivəsində həm də Ermənistana yardımları nəzərdə tutan bəyanat razılaşdırılıb: “Lakin Ermənistanın Baş naziri bu bəyanatı imzalamaqdan nümayişkəranə şəkildə imtina edib. Bu, əslində Ermənistanın de-fakto KTMT-dən çıxması anlamını verir. Ermənistan KTMT çərçivəsində artıq heç bir əməkdaşlığı nəzərdən keçirmir. Paşinyan sonuncu bəyanatı ilə həm də Qərbdən yeni siyasi dividendlər əldə etməyə çalışır. Xüsusilə vurğulamaq lazımdır ki, 2018-ci ildən bəri Ermənistanın Baş naziri qərbyönümlü siyasət həyata keçirməyə çalışır və maksimum dərəcədə Rusiyanın mövqelərini ölkədə zəiflətmək, qərbpərəst kadr təyinatları həyata keçirmək istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. Kadr təyinatında hər zaman Corc Sorosun himayəsində olan QHT-lərdə nüfuz qazanmış şəxslər irəli çəkilir”.

İlyas Hüseynov bildirib ki, digər tərəfdən KTMT-nin beynəlxalq mövqelərinin zəiflədilməsi və hərbi-siyasi blokun imicinin aşağı salınması üçün Ermənistanın əlindən gələni etdiyini vurğulamaq lazımdır: “İrəvan bunu həm Tovuz döyüşlərində, həm Vətən müharibəsində, həm də digər müxtəlif epizodik hallarda genişləndirib. Xüsusilə vurğulamaq lazımdır ki, ötən ilin 12-14 sentyabr olaylarında da Nikol Paşinyan KTMT-nin nüfuzundan istifadə etmək üçün əlindən gələni etdi və KTMT nizamnaməsinin IV maddəsinə uyğun olaraq müraciət ünvanladı. KTMT-nin Baş katibi Stanislav Zasın rəhbərliyi ilə regiona səfər həyata keçirildi, lakin Ermənistan burada istədiyi hərbi-siyasi mövcudluğu qazana bilmədi. Ermənistan bu gün də ona qarşı şantaj siyasəti həyata keçirir və KTMT-dən çıxmaqla bağlı fikirlər vaxtaşırı geniş yer alır”.

Politoloq bildirib ki, eyni zamanda Laçın-Xankəndi yolunda baş verən proseslərlə bağlı artıq Nikol Paşinyanın da siyasi sifarişi ilə rusofob çıxışlar geniş vüsət alır: “Bu xüsusda milli-demokratik qütbün nümayəndələri Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası qarşısında aksiya keçirdilər. Rusiyadan gələn siqnallarla bu aksiyanın çox amansız şəkildə yatırılması baş verdi. Bu gün də görürük ki, müxtəlif şəxslər media seqmentində Rusiyaya qarşı şər-böhtan dolu çıxışlar edir, Rusiyanı günahlandırır, eyni zamanda qaldırdıqları şüarlarda, çağırışlarda Rusiya tərəfinə yönəlik, onu işğalçı adlandıran, regionu tərk etməsinə çağıran bəzi fikirlər var. Bu, təbii ki, Kremllə İrəvan arasında olan münasibətlərə də kölgə salır. Belə görünür ki, bu siyasətin daha da genişləndirilməsi həm də İrəvanla Qərb tərəfdaşları arasında razılaşdırılmış ortaq mövqeyi əks etdirir. Ona görə də Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransında KTMT təlimlərinə ev sahibliyi etməyəcəklərini vurğulayıb, bu, get-gedə həm də Ermənistanda Rusiyanın mövqeyinin zəiflədilməsi naminə edilir”.

İlyas Hüseynov düşünür ki, bu proseslərdə Azərbaycan da böyük dividendlər qazana bilər: “Çünki Ermənistanla Rusiya arasında olan ziddiyyətləri milli maraqlarımız konteksində dəyərləndirmək və Türkiyə ilə birgə razılaşdırılmış şəkildə məhz Azərbaycanın hər bir qarış torpağı üzərində suverenliyimizin bərqərar olması, separatizmin kökünün kəsilməsi və qarşımızda olan bütün hədəflərə çatmaq istiqamətində addımlaya bilərik. Bu da məhz hazırkı dönəmdə öz aktuallığını qoruyur. Zənnimcə, hazırkı ekoaksiya çox mühüm siyasi nəticələr verməlidir. Artıq bir sıra işartılar var ki, bu proses doğru məqamda həyata keçirilir və çox yaxşı nəticələrə hesablanıb. Separatçılar arasında fikir ayrı-seçkilikləri, Vitali Balasanyanın “təhlükəsizlik şurası”nın katibi “vəzifəsi”ndən kənarlaşdırılması, eyni zamanda etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı da ilkin işartılar görünməkdədir. Məhz Azərbaycan tərəfə keçən Xankəndidən olan ac-susuz, siqaret istəyən, qayğıya ehtiyacı olan şəxs bütün ehtiyacları ödənildikdən sonra yola salınıb. Bu çox mühüm bir presedent formalaşdırmalıdır ki, etnik ermənilər kütləvi surətdə Azərbaycan cəmiyyətinə reinteqrasiya olunsunlar və dövlətin strukturları burada fəal iş qura bilsinlər. Ona görə də məhz bu aksiya nəticəsində həm sərvətlərimizin talan edilməsinin qarşısı alınır, həm də böyük hədəflərin ilkin siqnalları görünməkdədir. Düşünürəm ki, bütün bu proseslər bizim milli maraqlarımıza xidmət edəcəkdir”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ