Sizin reklam burada
Sizin reklam burada

Xidmət rəisi: “Cənub bölgəsinin sürüşmə zonalarında lokal aktivləşmə elementləri var”

Xidmət rəisi: “Cənub bölgəsinin sürüşmə zonalarında lokal aktivləşmə elementləri var”



“Sonuncu monitorinq məlumatlarının nəticələrinə görə, Abşeron yarımadasındakı sürüşmə zonalarında dinamik aktivlik müşahidə edilmir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, hazırda vəziyyət stabildir, ciddi narahatlıq yoxdur.

“Lakin cənub bölgəsində lokal aktivləşmə elementləri var. Xüsusən, Lerikdə sürüşməyə meyilli ərazilər çoxdur. Əhalidən bəlli müraciətlər alırıq və operativ qaydada o məsələlərin həlli ilə məşğuluq. Zəif aktivləşmə olur, lakin kritik prosesə təsadüf olunmayıb. Hələlik mövsümi xarakterli sürüşmə zonaları ilə bağlı aktivləşmə qeyd etməmişik”, - Əli Əliyev bildirib.

Xidmət rəisi şimal bölgəsindəki sürüşmə zonalarının vəziyyətinə də aydınlıq gətirib.

“Bildiyiniz kimi, ötən il Qubanın iki kəndində sürüşmə baş vermişdi. Biz davamlı olaraq həmin ərazini nəzarətdə saxlayırıq. Hələlik orada da heç bir aktivləşmə yoxdur. Bir-iki gün və ya bir həftə intensiv yağışlar yağması ilə bu proses anında aktivləşmir. Yağıntıların daha çox olduğu dövrləri gözləməyə ehtiyacımız var.

Ümid edirəm ki, ciddi aktivləşməyə rast gəlməyəcəyik. Lakin klassik sürüşmə elementlərinin olması qaçılmazdır. Əsas məsələ bunun proqnozunu vaxtında vermək, eyni zamanda, qarşısını almaq üçün müvafiq tədbirlərin icrasıdır ki, bu istiqamətdə də işlər aparılır. Abşeron yarımadasında Badamdar və Qaraçuxur sürüşmə zonalarında istinad divarları artıq tikilməkdədir. Hətta Qaraçuxurda proses başa çatdırılıb və sürüşmənin qarşısı alınıb”, - o qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ