Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib.
Tədbirdə mütəxəssislər tərəfindən sahənin inkişafına xidmət edəcək konkret təkliflər səsləndirilib. Bildirilib ki, ali təhsil müəssisələri ilə inteqrasiyanın gücləndirilməsi və tənqid üzrə ixtisaslaşmış kadr hazırlığının genişləndirilməsi zəruridir. Müasir analitik və media platformaları üzərindən tənqidin ictimai təsir imkanlarının artırılmasına ehtiyac var. Gənc tənqidçilərin formalaşdırılması və stimullaşdırılması, eyni zamanda bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə müasir tənqid metodologiyasının inkişafına nail olmaq mümkündür.
Xüsusi olaraq vurğulanıb ki, sənət tənqidinin gücləndirilməsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas prioritetləri ilə birbaşa bağlıdır və mədəniyyətin davamlı inkişafı, yaradıcı sənayelərin rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd olunub ki, gələcəkdə ədəbi tənqid sahəsi ilə bağlı ayrıca müzakirə təşkil ediləcək.
Görüşün yekununda səsləndirilən təkliflərin sistemləşdirilərək praktik fəaliyyət planına çevrilməsi tövsiyə olunub və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə icrasının təmin ediləcəyi bildirilib.
#AzərbaycanMədəniyyəti #Mədəniyyət #Azərbaycan
