




Fevralın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondu Şurasının 2-ci iclası keçiriləcək.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bu məqsədlə Astanada səfərdədir.
Nazir səfər çərçivəsində fevralın 6-da Qazaxıstan Respublikasının Milli Kitabxanasında tanınmış dövlət və elm xadimi, akademik Darxan Qıdırəlinin "Daşa yazılmış tarix" kitabının Azərbaycan, türk və qırğız dillərində nəşrinin təqdimatında iştirak edib.
Tədbirdə çıxış edən Adil Kərimli kitabı Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfə kimi səciyyələndirib. Bildirib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib: “Bizim qədim və kökü dərinlərə gedən şanlı tariximizdə müqəddəs yerlər, müqəddəs torpaqlarımız, qədim zamanlardan bu günə qədər türklərin müqəddəs yerlərinə Ötükən, Ergenekon, Yer İduk, Jideli-Baysın kimi müxtəlif adlar verilib. Onların içərisində Ötükən adı türklər üçün xüsusilə əziz və doğmadır. Ötükən türklər üçün vətənin qızıl beşiyi hesab olunur. Ona görə də milli özünüdərklə qorunan tarix milli idealların yaradıcı salnaməsi sayılır”.
Beynəlxalq Türk Akademiyasının ekspedisiyaları zamanı aşkar edilmiş qədim türk dövrünə – Göytürk (552-740), Uyğur (745-840) və Qırğız xaqanlığı (VIII-X əsrlər) kimi İslamdan əvvəlki qədim türk xaqanlıqlarına aid mirasdan danışan nazir deyib ki, nəşrdə bu tarixi-mədəni zənginliyə geniş işıq salınır. "Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. Əminəm ki, bu kitab kitabxanalarda və bir çox insanların tariximizin dərinliklərinin öyrənilməsinə, gələcək nəsillər üçün bilik və ilham mənbəyi olacaq”, – deyə Adil Kərimli bildirib.
#MədəniyyətNazirliyi #mədəniyyət