Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində 2023/24-cü tədris ili üzrə yekun konsertləri keçirilir.
Ənənəvi olaraq hər tədris ilinin sonunda keçirilən konsert proqramlarında müxtəlif ixtisaslar üzrə tədris alan şagirdlər il ərzində mənimsədikləri bilik və bacarıqlarını nümayiş etdirirlər.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti konsert proqramları mayın 31-də Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbi, Ucar şəhər Uşaq İncəsənət Məktəbi, iyunun 1-də Yevlax rayon Aran qəsəbə, Xaldan kənd və Aşağı Qarxun kənd uşaq musiqi məktəbləri tərəfindən təşkil edilib.
Yekun konsertlərdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şagirdlərin valideynləri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Konsert proqramlarında iştirak edən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov çıxış edərək, uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Eyni zamanda idarə rəisi çıxışında, müəllim kollektivinə musiqi məktəblərində təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini bildirib.
