Tovuz rayon Abulbəyli kənd Folklor evində Aşıq Ələsgər Tağıyevin 95 illiyi ilə bağlı "Suyu şirin aşığam mən" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə bildirilib ki, Aşıq Ələsgər Tağıyev 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.Ömrünün 54 ilini aşıq sənətinə həsr etmiş Aşıq Ələsgər 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanlarını bilib və bu sənətin sirlərini gənc nəsillərə öyrətməklə məşğul olub.
Diqqətə çatdırılıb ki, Azərbaycan aşıqlarının III, IV və V qurultaylarının iştirakçısı olmuş ustad sənətkar üç şeir kitabının müəllifidir. 50-dən çox qəzet və jurnallarda şeirləri və aşıq yaradıcılığına aid yazıları dərc olunub.
Tədbirdə aşıqların ifasında Aşıq Ələsgər Tağıyevin özünəməxsus olan və digər aşıq havalarından ibarət konsert proqramı təqdim olunub.
