Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Uşaq və Gənclər arasında I Regional Aşıq sənəti müsabiqəsi”nin yekun konserti və mükafatlandırma mərasimi keçirilib.
Tovuz rayon Abulbəyli kənd Folklor evində keçirilən tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Nail Məmmədov, Tovuz rayon İcra Hakimiyyətinin başçısının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, rayon mədəniyyət və incəsənət işçiləri iştirak edib.
Tədbirdə Dövlət Himnimiz səsləndirilib, sonra Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda müsabiqənin uşaq və gənclər arasında aşıq sənəti, saz və balaban ifaçılığının tanıdılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, onların dəstəklənməsi, bu sahədə yeni istedadların üzə çıxarılması sahəsində əhəmiyyətindən danışılıb.
Tədbirin davamında müsabiqən qaliblərinin ifasında saz havalarından ibarət konsert proqramı təqdim olunub.
Sonda “Uşaq və Gənclər arasında I Regional Aşıq sənəti müsabiqəsi”nin qaliblərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsini əhatə edən bölgələrdə keçirilən müsabiqədə 22 nəfər aşıq sənəti, saz və balaban ifaçılığı nominasiyaları üzrə qalib gəlib.
