18 mart 2024-cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva Novruz bayramı münasibəti ilə Şəhid Xəyyam Daşdəmirov, Şəhid Taleh Qənbərli və Şəhid Dilqəm Şirinovun ailələrini ziyarət ediblər.
Şəhidlərin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı onların keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib, bayram münasibətilə Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib.
İdarə rəisi dövlət səviyyəsində Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açıb və bu ailələrə mənəvi dəstək göstərilməsinin hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirib.
Şəhid Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub, iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olunub.
Şəhid Taleh Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Qənbərli noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub.
Şəhid Dilqəm Şirinov 2007-ci ilin mart ayında Ağdam rayonu istiqamətində erməni işğalçılarının təxribatının qarşısının alınması zamanı şəhid olub.
Allah Şəhidlərimizə rəhmət eləsin!