Cari ilin 1-3 fevral tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə Gənclər gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurl. Ölkədə hər bir sahədə gənclərin iştirakı, maraqlı ideyaları dəstəklənir, onların milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı, bədii-estetik zövqünün formalaşması üçün dövlət tərəfindən zəruri tədbirlər görülür.
X “Gəncliyin səsi” festivalının keçirilməsində əsas məqsəd isə gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasına xidmət edir.
Festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər həyata keçiriləcək. X “Gəncliyin səsi” festivalı musiqi, teatr, rəssamlıq, dekorativ tətbiqi sənət sahələrini əhatə edəcək. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edəcək gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas, və modelyerlər yer alacaqlar. Bakıda, Gəncədə, Qaxda, Salyanda gənclərin iştirakı ilə konsert, kukla tamaşası, yaradıcı yarmarka, tematik sərgilər keçiriləcək. Bu ilki festivalın prioritet istiqamətləri yaradıcı tələbələrin bu layihəyə cəlb edilməsidir. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, UNEC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Humanitar Kolleci, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin gənc müəllim və tələbə heyəti X “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlərdə iştirak edəcəklər.