Oktyabrın 28-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) üzrə mədəniyyət sahəsinin vəziyyətinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə nazirliyin məsul nümayəndələri, regional idarənin tabeliyindəki mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli müşavirə iştirakçılarını salamlayıb. Qeyd edib ki, bu gün birincisi keçirilən regional müşavirə bundan sonra digər regional idarələri əhatə edəcək.
Müşavirənin keçirilməsində məqsəd regionlarda mədəniyyət sahəsində olan problemləri dinləmək, onların həlli yollarını tapmaqdır: “İstərdik ki, cənab Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinin qarşısında qoyduğu əsas vəzifələrə və öhdəliklərə uyğun olaraq ümumi strateji istiqamətləri hər biriniz biləsiniz. Məqsəd həm də fəaliyyətimizi bu istiqamətdə vahid komanda şəklində təşkil etməkdən ibarətdir".
Xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yumruq kimi birləşib şanlı Zəfər qazandığını vurğulayan nazir ötən ay Qarabağda keçirilən antiterror tədbirlərinin tariximizdəki əhəmiyyətini qeyd edib.
Nazirliyin il ərzində keçirdiyi layihələr haqqında məlumat verən Adil Kərimli milli-mənəvi dəyərlərə münasibət, kadr potensialı və digər məsələlər üzrə çatışmazlıqlara toxunub, mövcud problemlərin həlli ilə bağlı fikirlərini bildirib.
Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri çıxış edərək həyata keçirilən işlər və qarşıda duran məsələlər haqqında məlumat veriblər. Eyni zamanda regionda çalışan mədəniyyət işçilərinin fikir və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, işlə təmin olunmalarında xüsusi münasibətə görə, mədəniyyət işçiləri isə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Müşavirəyə yekun vuran nazir qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonda xatirə şəkilləri çəkdirilib.