Aprelin 29-da Berlinin “QGallery” incəsənət qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Azərbaycan və Naxçıvan Rəssamlar İttifaqının üzvü Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı sərgisinin təntənəli açılışı olub.
Oxu.Az xəbər verir ki, ekspozisiya Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və “QGallery Baku” Rəsm Qalereyasının dəstəyi ilə təqdim olunur.
Sərgidə çıxış edənlər Leyla Əzimbəyova yaradıcılığının xüsusiyyətlərindən danışıblar və rəssamı əlamətdar hadisə münasibətilə təbrik edib, ona gələcək yaradıcılıq uğurları arzulayıblar.
Sərginin ekspozisiyasında müxtəlif rəngkarlıq janrlarına müraciət edən Leyla Əzimbəyovanın 36 rəsm əsəri yer alıb. Bunlar portretlər, mənzərələr, natürmortlar və rəssamın özünün üslubunda bir çox kompozisiyalardır. Sərgidə həyata sevgi mövzusuna xüsusi diqqət yetirilib.
Tədbirdə yaradıcı ziyalıların nümayəndələri, alimlər, ictimaiyyət nümayəndələri, incəsənətsevərlər və qalereyanın dostları iştirak ediblər. Həmçinin Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov sərginin açılış mərasiminə qatılıb, rəssam Leyla Əzimbəyovanın əməyini yüksək qiymətləndirib, onu sərginin açılışı münasibətilə təbrik edib və gələcəkdə uğurlar arzulayıb.
Leyla Əzimbəyovanın sərgisi ilə paralel olaraq Berlindən olan rəssam Nizakət Sinanovskayanın da əsərləri təqdim olunur.
Qeyd edək ki, sərgi 2022-ci il mayın 12-dək davam edəcək.