Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən tətbiq olunacaq yeni təmayüllü tədris modeli ilə bağlı maarifləndirici görüşlər davam etdirilir.
Növbəti görüş Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə təşkil olunub. Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev, idarənin məsul əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edən Elmin Məmmədtağıyev yeni təmayüllü tədris modelinin əsas məqsədinin şagirdlərin maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə daha keyfiyyətli təhsil almalarını təmin etmək, ali təhsil müəssisələrinə hazırlıq prosesini gücləndirmək və onların gələcək peşə seçiminə məqsədyönlü şəkildə dəstək olmaq olduğunu bildirib. O qeyd edib ki, yeni model çərçivəsində şagirdlər seçdikləri təmayül istiqaməti üzrə daha dərinləşdirilmiş biliklər əldə edəcək, tədris prosesi isə onların akademik və fərdi inkişafına uyğun şəkildə təşkil olunacaq.
Görüş zamanı iştirakçılara layihənin tətbiq mexanizmi, qəbul qaydaları, tədris prosesinin təşkili, təmayül istiqamətlərinin üstünlükləri və layihənin şagirdlərin gələcək təhsil və karyera imkanlarına verəcəyi töhfələr barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, 2026–2027-ci tədris ilindən etibarən aşağıdakı ümumi təhsil müəssisələrində 10 və 11-ci siniflər üzrə yeni təmayüllü tədris modeli tətbiq olunacaq və şagird qəbulu həyata keçiriləcək:
* Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb;
* Gəncə şəhər 9 nömrəli tam orta məktəb;
* Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəb;
* Gəncə şəhər M. Füzuli adına 22 nömrəli tam orta məktəb;
* Goranboy şəhər 4 nömrəli tam orta məktəb.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, yeni təmayüllü tədris modelinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb və layihənin üstünlükləri ətrafında geniş müzakirələr keçirilib.
Təbliğat görüşlərinin növbəti günlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən digər ümumi təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.
Layihə üzrə qeydiyyatdan keçmək istəyən şagirdlər aşağıdakı keçid vasitəsilə müraciət edə bilərlər:
Qeydiyyat linki:
https://docs.google.com/.../d/1FAIpQLSfJ4nV6jm9.../viewform
