
Azərbaycan milli mətbuatının tarixi Həsən bəy Zərdabinin adı ilə sıx bağlıdır. O, xalqın maariflənməsi, ana dilinin inkişafı və milli düşüncənin formalaşması naminə böyük fədakarlıq göstərərək "Əkinçi" qəzetini nəşr etdirdi. Bu qəzet Azərbaycan jurnalistikasının ilk nümunəsi olmaqla yanaşı, xalqın maarifləndirilməsi istiqamətində mühüm rol oynadı.
Sonrakı illərdə milli mətbuatımız müxtəlif inkişaf mərhələlərindən keçdi. Çoxsaylı qəzet və jurnallar nəşr olundu, yeni media orqanları fəaliyyətə başladı. Müstəqillik dövründə isə söz və məlumat azadlığının inkişafı üçün geniş imkanlar yarandı. İnternet mediasının inkişafı xəbərlərin daha operativ yayılmasına şərait yaratdı.
Bu gün Azərbaycan jurnalistləri ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını operativ şəkildə işıqlandırır, insanların düzgün məlumat almaq hüququnun təmin edilməsində mühüm rol oynayırlar. Media həm də milli maraqların qorunması və dövlətçilik ideyalarının təbliği baxımından əhəmiyyətli missiya daşıyır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistlərə, media rəhbərlərinə və informasiya sahəsində çalışan hər kəsə möhkəm cansağlığı, peşə uğurları və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Hafiz Kərimov
ATİAHİ-nın İsmayıllı rayon Komitəsinin sədri
