Çin təbabəti üzrə ekspert və cavanlaşdırma mütəxəssisi Anastasiya Ustinenko orqanizmə enerji verən və sağlamlığı dəstəkləyən 5 məhsulun adını açıqlayıb.
Ekspertin sözlərinə görə, Çin təbabətində sağlamlığın əsasını güclü mədə-bağırsaq sistemi təşkil edir, bunun üçün düzgün və faydalı qidalanma vacibdir.
Mütəxəssisin tövsiyə etdiyi məhsulları təqdim edirik:
Unabi (Çin xurması) - Qan dövranını yaxşılaşdırır, enerji verir, yorğunluğu azaldır və yuxunu normallaşdırmağa kömək edir. Tərkibində sitrus meyvələrindən 20 dəfə çox C vitamini olduğu bildirilir.
Qoji giləmeyvələri - Antioksidant, amin turşuları və müxtəlif mikroelementlərlə zəngindir. İmmuniteti gücləndirir, enerji səviyyəsini artırır və dəri ilə görmə qabiliyyətini dəstəkləyir.
Jenşen - Çin təbabətinin ən məşhur məhsullarından biridir. Yorğunluq və gücsüzlüyə qarşı istifadə olunur, ürəyin fəaliyyətini və yuxunu dəstəkləyir. Həmçinin dalaq, ağciyər, ürək, böyrək və qaraciyərə faydalı təsir göstərdiyi qeyd edilir.
Kordiseps - Böyrəklər və reproduktiv sağlamlıqla bağlı problemlərdə, eləcə də enerji çatışmazlığında istifadə olunur.
Çin limon otu (şizandra) - Canlandırıcı təsir göstərir, orqanizmi antioksidantlarla zənginləşdirir və onu müxtəlif daxili və xarici təsirlərdən qorumağa kömək edir.

