Səhərlər yuxudan oyandıqdan sonra yaranan baş ağrısı bəzi təhlükəli xəstəliklərin əlaməti ola bilər.
Nevroloqların sözlərinə görə, səhər baş ağrısının əsas səbəblərindən biri obstruktiv yuxu apnesi sindromudur.
Bu zaman yuxu əsnasında tənəffüs yolları müvəqqəti bağlanır. Xoruldama, nəfəs çatışmazlığı hissi ilə oyanma və gün ərzində güclü yuxululuq da bu vəziyyətin əlamətləri arasında yer alır.
Mütəxəssislər səhər saatlarında yaranan baş ağrısının digər səbəbləri kimi miqren, yuxusuzluq, narahat yastıq, yuxu zamanı dişlərin qıcırdadılması, depressiya, narahatlıq və kofeindən həddindən artıq istifadəni göstəriblər.
Həkimlər xəbərdarlıq edirlər ki, baş ağrısı səhərlər tez-tez təkrarlanırsa, xüsusilə də halsızlıq, keyimə və nitq pozğunluğu ilə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Ağrının əvvəlkilərdən fərqli olması və getdikcə güclənməsi də ciddi siqnal hesab olunur.

