Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə xüsusi dərslər və silsilə maarifləndirici tədbirlər təşkil olunub.
Keçirilən dərslərin və tədbirlərin əsas məqsədi dövlətimizin Azərbaycan dilinin saflığının qorunması istiqamətində həyata keçirdiyi siyasətin əsas prinsiplərini şagirdlərin diqqətinə çatdırmaq, onlara dilimizin tarixi inkişaf mərhələləri, zənginliyi və özünəməxsusluğu barədə ətraflı məlumat vermək, ana dilinə sevgi və hörmət hissini daha da gücləndirməkdən ibarət olub.
Dərslərdə Azərbaycan dilinin formalaşma və inkişaf yolu, milli kimliyimizin qorunmasında oynadığı mühüm rol xüsusi vurğulanıb. Qeyd edilib ki, ana dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
Tədbirlər çərçivəsində Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib, şagirdlər ana dilimizə həsr olunan şeirlər və mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Həyata keçirilən tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılığın və ana dilinə ehtiramın daha da möhkəmləndirilməsinə xidmət edib.
