İlk görüş Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan buraxılış sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib.
Görüşün əsas məqsədi şagirdləri imtahan dövrünə psixoloji baxımdan hazırlamaq, onlarda özünə inam hissini gücləndirmək, stressin idarə olunması bacarıqlarını inkişaf etdirmək və düzgün hazırlıq strategiyalarını formalaşdırmaqdan ibarət olub. Bu məqsədlə şagirdlər üçün peşəkar psixoloqların iştirakı ilə maarifləndirici və interaktiv sessiyalar təşkil edilib.
Tədbir zamanı imtahan öncəsi yaranan həyəcan və gərginliyin səbəbləri, onların idarə olunma yolları, diqqətin cəmlənməsi texnikaları, vaxtın düzgün planlaşdırılması və effektiv hazırlıq metodları barədə ətraflı məlumat verilib. Şagirdlərlə aparılan müzakirələr zamanı onları maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr təqdim olunub və imtahan prosesinə psixoloji baxımdan hazırlığın əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, bu cür maarifləndirici görüşlərin keçirilməsi davamlı xarakter daşıyır, buraxılış imtahanlarına hazırlaşan şagirdlərin psixoloji dəstəklə əhatə olunması prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.
