Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün ümumtəhsil müəssisələrində VI siniflər üzrə keçirilən Böyük Summativ Qiymətləndirmə (BSQ) prosesini yerində izləyib, imtahanların təşkili və gedişi ilə tanış olub.
Qiymətləndirmə prosesi müasir təhsil tələblərinə uyğun olaraq elektron platforma üzərindən təşkil edilib. Rəqəmsal format imtahanların daha operativ, şəffaf və obyektiv keçirilməsinə imkan yaratmaqla yanaşı, prosesin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edir.
Elektron qiymətləndirmənin tətbiqi müəllimlərin iş yükünün optimallaşdırılmasına, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının inkişafına şərait yaradır. Eyni zamanda kağız daşıyıcılardan istifadənin azalması ekoloji dayanıqlılığın dəstəklənməsinə xidmət edir və qiymətləndirmə prosesində daha çevik və təkmil tapşırıqlardan istifadəyə imkan verir.
