Sizin reklam burada
Sizin reklam burada

Müstəqilliyin Bərpası Günümüz mübarək olsun!

Müstəqilliyin Bərpası Günümüz mübarək olsun!


1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu dünyaya bəyan etdi. Tarixin qaçqovunda Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Vur-tut 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində demokratik dövlətçilik ənənələrinin formalaşması üçün ciddi nümunə oldu.

Lakin tarixin sonrakı gedişatı həm Azərbaycan xalqını, həm də Şərqin ilk cümhuriyyətini sərt sınağa çəkdi: 1920-ci ildə Azərbaycanda bolşeviklərin hakimiyyəti qəsb etməsi ölkənin müstəqilliyini əlindən aldı. Bununla belə, Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarına sədaqəti heç vaxt sarsılmadı. Bədxah qüvvələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarananda, Ermənistan və havadarları Dağlıq Qarabağ iddiasını ortaya atanda xalq ayağa qalxdı və SSRİ kimi nəhəng şər imperiyasının süqutu məhz Azərbaycandan başladı...

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.​ Bununla da Azərbaycan xalqı 1920-ci ilin aprelində itirilmiş dövlət müstəqilliyini bərpa etdi.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam oldu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdiyindən oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edildi.

Artıq iki ildir ki, Müstəqilliyin Bərpası Gününü öz ərazi bütövlüyünə qovuşmuş qalib xalq kimi bayram edirik. Bu tarixi ədalət Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, qəhrəman əsgərlərimizin yüksək peşəkarlığı və fədakarlığı, xalqımızla dövlətimizin mənəvi bütövlüyü sayəsində zəfər çaldı.

İndi qarşımızda daha geniş quruculuq üfüqləri açılıb. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə etdiyimiz möhtəşəm birliyi və bütövlüyü qorumaq, ölkəmizin yüksəlişinə öz töhfəmizi vermək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

Yaşasın müstəqil, demokratik Azərbaycan dövləti! ​


İlqar Hacıyev,
Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ