Sizin reklam burada
Sizin reklam burada

İnsanların zərərsiz bilib istifadə etdikləri elektron "zəhər": məktəblərə qədər ayaq açıb...

İnsanların zərərsiz bilib istifadə etdikləri elektron "zəhər": məktəblərə qədər ayaq açıb...



Cəmiyyətdə siqaret istifadəçilərinin sayı gündən-günə artır. Bəzən tütün məmulatlarını tərgitmək üçün alternativ üsul kimi elektron siqaretlər təqdim olunur. Ənənəvi siqaretlərdən qurtulmaq istəyən istifadəçilər elektron siqaretlərə üstünlük verir və bu dəfə də ondan asılı vəziyyətə düşürlər. Araşdırmalar göstərir ki, elektron siqaretlər elə tütün qədər ziyanlıdır.

Mövzu ilə bağlı pulmonoloq Əsəd Beydullayev Publika.az-a açıqlama verib.

O bildirib ki, həm elektron, həm də ənənvi siqaret insan sağlamlığı üçün çox zərərlidir.

“Tənəffüs yollarına çəkilən istənilən zərərli maddə davamlı olaraq qəbul olunduqda xəstəliyə gətirib çıxarır. Hazırda qarşımızda mübahisəli iki məsələ dayanıb. Uzun illərdir ki, siqaretdən istifadə olunur. Bundan qaynaqlanan xəstəliklər də araşdırılıb və yekunda zərərli olduğu təsdiq edilib. Elektron siqaretlər isə 2006-ci ildən bazardadır. Ona görə də bunların zərərindən danışmaq son günlərə qədər çətin idi. Bu yaxında elektron siqaretin zərərləri haqqında məqalə yayımlanıb. Həmin məqalədə elektron siqaretdən yaranan xəstəliklər təyin edilib. Hər iki siqaret olduqca zərərlidir. Bəzi elektron siqaretlər tüstünü ayrozol (içində xırda hissəcikləri olan buxar) şəkilində verir”, - həkim qeyd edib.

San-Dieqo Kaliforniya Universitetinin araşdırmalarına əsasən, ənənəvi siqaretə alternativ olaraq təklif edilən elektron siqaretlərin daha bir zərəri üzə çıxıb. Elektron siqaretlərdən istifadə bronxit və təngnəfəslik də daxil olmaqla, qalıcı tənəffüs yolu və onkoloji xəstəliklər, eləcə də miokard infarktı riskini artırır. Gündə üç dəfə bu siqaretin təsirinə məruz qalan siçanların beyinlərində üç aydan sonra çoxlu iltihab əlamətləri müşahidə olunub.

Əsəd Beydullayev əlavə edib ki, elektron siqaret daha təhlükəlidir:

“Cəmiyyətdə ənənəvi siqaretin zərəri haqqında bir fikir formalaşıb. Elektron siqaretə gəldikdə isə xanımlar, məktəblilər, yeniyetmələr bunu daha zərərsiz bilib, istifadə edirlər. Elektron siqaretin ənənəvi siqaret kimi kəskin qoxusu olmadığı üçün bəzi insanlar buna daha çox üstünlük verirlər. Satışı da həddən artıq çoxdur. Hətta məktəb otaqlarına qədər ayaq açıb. Bütün bu tələbat bizi 10-15 il sonra ciddi xəstə axını ilə üzbəüz qoyacaq”.

Alimlər elektron siqaretlərdəki aromaların təsirini də araşdırıb. Məlum olub ki, nanə ətirli manqo ətirlidən daha çox ürəkdə zəiflik yaradır. Tədqiqatçılar bu fikirdədirlər ki, elektron siqaretlərin sağlamlığa zərərlərini tam başa düşmək üçün hər bir elektron siqaret və aroma ayrı-ayrılıqda araşdırılmalıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ