Xəstəxanalarda randevu sistemi dekabrın 18-dən fəaliyyətə başlamalı olsa da, bir çox ixtisaslar üzrə tətbiq edilməyib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, pilot layihə qeyd edilən tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və “Yeni Klinika”da start götürməli olsa da, hələ də aktivləşməyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün “e-Tabib” mobil tətbiqi vasitəsilə randevu sistemi ilkin olaraq test rejimində “Yeni Klinika”da bəzi həkim ixtisasları üzrə işə başladılıb:
“Gələn ildən daxili infrastrukturu onlayn platformaya cavab verən digər dövlət tibb müəssisələrində də randevu sisteminin mərhələli şəkildə işə başladılması həyata keçiriləcək”.
Qeyd edək ki, dekabrıın 18-dən etibarən randevu sistemi ilə “Yeni Klinika”da hələlik həkim-oftalmoloq, həkim-infeksionist və həkim-uroloq qəbulu üçün “e-Tabib” mobil tətbiqi üzərindən onlayn növbə götürmək mümkündür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 14-də agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı 18 dekabr tarixində pilot layihə kimi randevu sisteminin Abşeron Rayon Mərkəzi Xəstəxanasında və “Yeni Klinika”da başlayacağını elan etmişdi. O bildirmişdi ki, sözügedən pilot layihə iki-üç ay davam edəcək və uğurlu nəticə olarsa, qısa zamanda Bakı şəhərindəki tibb müəssisələri, daha sonra Sumqayıt, Gəncə və s. şəhərlərdə dövlət tibb müəssisələrində tətbiq ediləcək.