Azərbaycan xalqında çox gözəl atalar misalları var. Onlardan biri də belədir: "Alim olmaq asandır, insan olmaq çətin". İnsanlar müxtəlif dinə, dilə, cinsiyyətə, xasiyyətə, mənsubiyyətə, xarakterə, daha nələrə, nələrə malikdir. Bəli, yer üzündə neçə milyon, neçə milyard insan olsa da, onlar zahirən bir-birinə bənzəsələr də, bir-birinə daxilən bənzəyən tam mənada bənzəyən ikincisi mövcud deyil. Doğrudan da qəribədir, heç kimdən, heç kəsdən ikincisi yoxdur. Ancaq bir məsələ var ki, sözün geniş mənasında insanlar ikiyə bölünür: yaxşı insan, pis adam... Bu yaxşı insanlar pis adamlardan fərqli olaraq təvazökar olur, gördükləri yaxşı işlərdən zövq alsalar da, özlərini gözə soxmur, sadə, eyni zamanda vətənini, dövlətini, xalqını sevən təvazökar insanlar olurlar. Tərifi qətiyyən sevmirlər, sən onun hər hansı bir gördüyü işini tərifləyəndə söhbəti dəyişməyə çalışırlar.
Doğrudan da, hər bir insanın həyatı bir dünyadır, istər yaxşı insan olsun, istər pis adam. hər bir insanın vaxtlı, vaxtsız bu dünyaya gələn insanın öz tarixi, öz dünyası, öz ömür payı var. Keşməkeşli, burulğanlı, sevincli, kədərli dünyası... Dünyaya göz açdığı gün, ay, il... məkan... ata-ana..., bunlar hamısı insanın tarixidir, ömür yoludur. Belə götürəndə, baxırsan ki, hər şey yerli-yerində... Bəli, insanların tarixi belə başlayır, sonra da hər kəs böyüyüb bir kəs olur, bir fərd olur. Vəzifəli, vəzifəsiz, fəhlə və ya alim, fərqi yoxdur, bu kəslərin həyat fəaliyyəti və bunları özündə toplayan xırda, ya da böyük, yaxşı və pis əməlləri və əlbətə ki, yaşadığı dünyasının tarixi yazılır, sonra da tarixə dönür. Ona görə də insan gərək yaşadığı hər bir günün, anın qədrini bilsin. Biz insanlar görəsən həyatın qədrini bilirikmi? Məncə yox. Biz insanların çoxu həyatın qədrini, gözəlliyini, dadını, yaşamağın necə əziz bir nemət olduğunu çox gec anlayırıq. Yazımın əvvəlində qeyd etdiyim ki, elə insanlar var ki, işıqlı dünyaya göz açdığı gündən, daha doğrusu, özünü tanıdığı gündən nədəndirsə, ancaq yaxşı yaşamaq istəyir. Ömrü boyu çalışır ki, yaxşı, sağlam, rifahlı, rahat yaşasın. Ancaq elələri də var ki, yaxşı yaşamaq, rahat yaşamaq haqqında heç düşünmür, fikirləşmir də. Ancaq istəyir ki, yaxşılıq eləsin, xeyirxahlıq eləsin, əlində-ovcunda olanı da kiminləsə bölüşsün, paylaşsın. Lakin həmin yaxşı insanlar pis adamlardan fərqli olaraq təvazökar olur, gördükləri yaxşı işlərdən zövq alsalar da, özlərini gözə soxmur, sadə, eyni zamanda vətənini, dövlətini, xalqını sevən təvazökar insanlar olurlar. Tərifi qətiyyən sevmirlər, sən onun hər hansı bir gördüyü işini tərifləyəndə söhbəti dəyişməyə çalışırlar.
Həmin o şəxslər ki, öz zəhmətləri ilə yüksəlirlər, xalqın sevimlisinə çevrilirlər, sevilirlər, əsla unudulmurlar. Haqq sözdür ki, uzun illər bir sahədə əsl fədakarlıq göstərən insanlar o sahənin mütəxəssisinə çevrilirlər.
Həyatın boyu hər cür insanla rastlaşırsan, görürsən, neçə-neçə adamlarla tanış olur, oturub-durur, ünsiyyət qurursan, dostlaşırsan. Bu əlaqələr çoxları ilə uzun sürmür, sönür, tədricən yavaş-yavaş əriyib yox olur. Lakin müddətindən asılı olmayaraq, elə adamlarla tanış olursan ki, bu tanışlığın tərəfdaşlığa, dostluğa və get-gedə qardaşlığa qədər ucalır, monolitləşir, el içində sayılır, şəxsiyyətləşir.
Haqqında söhbət açdığım insanın görünən tərəfləri fiziki, daxili aləmi, xarakter dünyası haqqında söz açmaq mənim üçün bir qürurdur, şərəfdir. Ona görə ki, o, insan ucadadır, hər bir insanın nümunə götürmək istədiyi örnəkdir. O insan heç vaxt yaxşı yaşayım, rahat yaşayım, firavan yaşayım, hər şeyim olsun, deməyib. Bəli, haqqında danışacağım dostumuz doğrudan da alidir, kamildir, bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirib. Ona görə də onun durduğu zirvəyə yaraşan, onun həqiqi ucalığını əks etdirən söz söyləməkdə, onun həyat yolunu işıqlandıraraq bir yazıda bütün parametrlərini açmaqda deyərdim ki, sözlər də aciz qalır. Hələ lap ilk vaxtlardan, yəni onunla tanış olduqdan sonra (təxminən otuz ilə yaxın bir vaxtı nəzərdə tuturam), onun xarici görünüşü ilə vəhdətdə olan daxili aləminin zənginliyi və mənəviyyatını duyub Ulu Yaradana şükr edir, hər zaman Allahıma bu saf, pak bəndəsi ilə tanışlığa görə minnətdarlıq hissimi bildirmişəm.
Qədim zamanlardan bu günkü günümüzə qədər əsrarəngiz İsmayıllı torpağının Basqal qəsəbəsi nadir istedada, qabiliyyətə malik- ən başlıcası isə insani keyfiyyətləri özündə cəmləşdirən insanlar yetirmişdir. Bu keyfiyyətlərlə onlar zaman-zaman xalqımızın formalaşan mədəniyyətinin, əxlaqi dəyərlərinin qorunub saxlanmasında misilsiz xidmətlər nümayiş etdirmişlər. Basqal qəsəbəsinin İsmayıllı rayonunun qəsəbəsi olduğunu bəlkə də yazmağa belə ehtiyac yoxdur. Çünki dünyanın ən füsunkar guşəsi olan Basqal ilk növbədə ecazkar gözəlliyi, təbiəti-ələlxüsus, qız-gəlinlərimizin, ana-bacılarımızın namus təcəssümü olan "kələğayısı və qanovuz" yorğan üzü ilə tanınıb, məhşurlaşmışdır. Basqal həm də ölkəmizə çoxlu dəyərli insanlar bəxş etmişdir. Onlardan xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, Azərbaycanda aerokosmik tədqiqatların və kosmik təbiətşünaslığın bünövrəsini yaradan, görkəmli ictimai-xadim, Azərbaycan Respublikasının ilk dövlət katibi, akademik Tofiq İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Maqsud və Mais Cavadovlar, İtaliyanın Milli Qəhrəmanı "Harribaldi ulduzu"na layiq görülmüş Məmməd Bağırov, şair Davud Aslan, millət vəkili, bəstəkar, İsmayıllıların ən yaxin dostu Novruzəli Aslanov, ağsaqqalımız, hamımızın sevimlisi Miryavər Hüseynov kimi, yaziçi-jurnalist Daşdəmir Əjdəroğlu imzasi ilə respublikada tanınan, nüfuz sahibi olan istedadlı ve görkəmli şəxslər bəxş etmişdir. Həmçinin, çoxlu alimlər, həkimlər, müəllimlər, hüquq-mühafizə orqanları işçiləri, söz-sənət adamları Basqalın şöhrətini bütün dünyaya yaymışlar.
Daşdəmir oxucularının daim maraq dairəsində olan, sənətinin məsuliyyətini dərindən dərk edən, peşəkar jurnalistika sənətinə hörmət bəsləyən və bəslədən, yorulmadan çalışan eyni zamanda İsmayıllı və ismayıllıların hörmətini ucalara qaldıran nəhəng bir qələm əhlidir.
Daşdəmir Əjdəroğlu imzasıyla o, artıq 35 ildən coxdur ki, tanınır və onun imzasına hörmət bəslənir. Daşdəmir Əjdəroğlu jurnalistikaya gəlişini bu cür xatırlayır: "1977-ci ilin əvvəlləriydi. İsmayıllı rayonundakı " Zəhmətkəş" qəzeti ilə ara-sıra əlaqələr saxlayər, məktəbimizdə keçirilən tədbirlərdən, doğulduğum Basqal qəsəbəsində baş verən yeniliklərdən cızma-qaralarımı çap etdirirdim. Məktəbdəki sinif yoldaşlarım mənə həsədlə baxır, bəziləri də gözü götürməməzlikdən bu yazıları atamın yazdığını deyirdilər. Məqsədləri bu idi ki, hövsələdən çıxaraq onlarla yersiz mübahisə edim, mən isə təbii ki, bunu heç bir zaman etməzdim. Müəllimlərim də şagirdinin bu uğurlarına sevinir, mənim qələm sevinclərimə şərik olurdular". Daşdəmir Əjdəroğlu beləcə, bu çətin və şərəfli peşəni seçərək ürəyindəki uşaqlıq illərindən kök salan arzusunu reallaşdırdı. O, jurnalistikaya ilk addımlarını atdığı gündən yazılarında taleyüklü məsələlərin, problemlərin həlli, mövcud çətinliklərin aradan qaldırılması işini gündəmə getirdi və hal-hazırda da eyni mövqedədir. Sənətinə sonsuz məhəbbətlə vurğun olan Daşdəmir Əjdəroğlu müqəddəs peşə kimi sayılan jurnalistikanı son dövrlərdə nüfusdan salanları haqqlı olaraq sərt yazılarla mətbuatda ifşa edir. O, prinsipial jurnalist mövqeyi ilə bu dövrə kimi toxunduğu mövzularda cəmiyyətimizdə təzahür edən müxtəlif anormal halların aradan qaldırılmasına nail olmuşdur. Daşdəmir hər birimizin qayğısını çəkir, kimin bir uğuru olsa, ona dərhal sevinir və onun haqqında geniş məqalə hazırlayır, onu hər yerdə tanıtdırır. El arasında belə bir ifadə var: filankəsin üzündə Allah nuru var, deyərlər. Bu ifadəni o kəslər haqqında deyərlər ki, həmin insanlar ömür boyu xeyirli işlər görsün. Çöhrəsində xeyirli əməlləri təcəssüm etdirən Daşdəmir də bu cür insanlardandır. Doğrudan da, Daşdəmirin həyat fəlsəfəsi şox sadədir, insan insana himayə göstərməli, qohumluqdan, dostluqdan asılı olmayaraq hami bir - birinə həyan olmalıdır, dayaq durmalıdır. Şərt o deyil ki, maddi cəhətdən kiməsə nə isə edəsən, kimisinə bir hədiyyə alasan, nə iləsə sevindirəsən. Bərəkət o yerdə olur ki, orada insanlar bir- birinin yaxşı yaşamasına, bir-birini yaxşı tanımasına, problemlərinin həllinə çalışır. Bu da Allahın, peyğəmbərimizin bizlərə tövsiyyəsi, tapşırığıdır.
Bundan əlavə peşəkar jurnalist Daşdəmir dostumuz ən sevdiyi peşəsini də öz gözəl fikirləri ilə bu cur xarakterizə edir: "Jurnalist əməyi gözə görünən və eyni zamanda görünməyən əməkdir. Onun görünüşü kimii, sevinci də anidir. Bu anilikdən xilas olmaq üçün qəzet səhifələrində, saytlarda ardıcıl imzan olmalıdır. Özünü də, başqalarını da rahatsız edən ictimai-siyasi probləmlərə tokunmalısan. Düşünürəm ki, həyatda mövcud problemləri yalnız jurnalistika, kəsərli qələm həll edə bilər. Jurnalist olmak şərəfdir, şərəflidir. Hazırladığın materiallar geniş oxucu kütləsi tərəfindən seviləndə fərəhlənirsən, sanki uçursan".
Daşdəmir Əjdəroğlu eyni zamanda bir-neçə sanballı əsərlər ortaya qoymuş, bir-neçə sevilən kitabların müəllifidir. Bu günlərdə " Basqalın Miryavər abidəsi" adlı yeni yazmış olduğu xatirələr kitabının Basqal qəsəbəsində cox möhtəşəm bir təqdimatı keçirildi. Basqal qəsəbəsindən olan, Əməkdar müəllim, Basqal qəsəbəsi haqqında bir-neçə dəyərli tədqiqat əsərlərinin müəllifi olmuş Miryavər Hüseynov haqqında yazmış olduğu bu kitab geniş oxucu qarşılandı, tədbirə təşrif buyuran qonaqlar Daşdəmir Əjdəroğlunun özünün də qəlblərdə bir abidə ucaltmasından, işıqlı simasından bütün həmyerlilərinə, Daşdəmir sevərlərə nur paylamasından sevə-sevə danışdılar. Bu çətin və şərəfli yolda qələm dostuma, can dostuma, həmkarıma, uğurlar, daim uğurlar, geniş oxucu kütləsi və qələminin daim kəsərli olmasını diləyirəm. Qələmin daim yazar olsun, dəyərli dostum, qardaşım Daşdəmir! Sənə addımladığın yeni yaşında cansaglığı, uzun ömür, yeni-yeni yaradıcılıq ugurları arzu edirəm. Allahımdan razıyam, çünki dostluq səlnaməmdə sənin kimi bir dostum olması mənim üçün şərəfdir, qürurdur. Əlbəttə hamı istəyər ki, dostluğunda sənin kimi bir dostu olsun, insanlığı, fədakarlığı, mədəniyyəti, alicənablığı və canayaxınlığı ilə seçilən dostu kim istəməz ki?Doğru sözdür ki, insana əsl qiyməti sadə insanlar düzgün verir. Ona görə də hər dəfə sənin ünvanına bu sözləri eşitmək, duymaq bir dostun olaraq məni və yaxın dostlarını qürurlandırır, fərəhləndirir: Nə yaxşı ki, varsan, Daşdəmir! Sözümün əvvəlində də dediyim kimi, alim olmaq asandır, insan olmaq çətin. Bu söz doğrudan da sanki sənə ünvanlanıb. Bunu təkcə mən demirəm, səni tanıyanlar hamısı bu fikirdədir. Sən, bütün parametrlərdə əsil insansan, əsilsən, əsilzadəsən! Arzu edirik ki, elinin-obasının, millətinin, xalqının yolunda sədaqətlə xidmət göstərən bu şərəfli ömür yolun uzun və əbədiyaşar olsun! Ad gününü səmimi qəlbdən təbrik edirəm ! Günün mübarək, əziz dostum, qardaşım Daşdəmir!
Hörmətlə: TƏRANƏ ƏMİR QIZI CƏBİYEVA
YAZIÇI-PUBLİSİST
