Sizin reklam burada
Sizin reklam burada

Mərkəz: “Narkomaniyanı və tüfeyli həyat tərzini aşılayan mahnılar böyük təhlükədir”

Mərkəz: “Narkomaniyanı və tüfeyli həyat tərzini aşılayan mahnılar böyük təhlükədir”


“Son dövrlər mahnı yaradıcılığında ciddi böhran müşahidə olunur”.

“Report” xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.

Azərbaycan mahnılarında hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunmasının artıq adi hala çevrildiyini bildirən G.Əmirova xarici boğaz və yad çalarlardan istifadəni, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələri, sözlərin heca-heca tələffüzünü milli musiqimizin inkişafına böyük maneələr kimi səciyyələndirib.

Konkret nümunələrə istinad edən direktor müavini mahnı janrı ilə bağlı ənənələrimizə ciddi xələl gətirən həmin elementlərin bir müddət sonra milli təsir bağışlayacağı ilə bağlı narahatlığını da vurğulayıb.

Son dövrlər mahnı yaradıcılığında ciddi böhranın müşahidə olunduğunu da bildirən G.Əmirova qeyd edib ki, heç bir məna yükü olmayan, bədiilikdən uzaq mətnlər, ifa üçün yetərli olmayan səs tembrləri və texnikalar, sözsüz ki, Azərbaycan xalqının milli mədəniyyətinə xidmət etmir: “Milli dəyərlərimizə zidd davranışları, narkomaniyanı və zərərli vərdişləri, tüfeyli həyat tərzini aşılayan, hətta sui-qəsdə təşviq edən mahnıların təbliği sağlam gəncliyimizin formalaşması üçün böyük təhlükədir.

Beləliklə, mahnı ifaçılarının nitqi üzərində aparılan monitorinqdə başlıca məqsəd Azərbaycan musiqisinin real mənzərəsini göstərməklə sözügedən problemlərin ardıcıl həllinə nail olmaqdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ