Novruz Aslanovun şəhid ailələri və qazilər ilə görüşləri davam edir.
Xeberleragentliyi.com xəbər verir ki, yanvarın 8-də millət vəkili bu məqsədlə İsmayıllı rayonuna növbəti dəfə səfər edib.
Öncə Cülyan kəndində şəhid Osmanlı Teymur Saday oğlunun evini ziyarət etmiş və ailəsinə baş sağlılğı vermişdir. Daha sonra Diyallı kəndinə gedərək şəhid Lətifov Orxan Xancan oğlunun və şəhid Şıxızadə Tural Ətraf oğlunun ailəsinə baş çəkmiş, onların problemləri ilə maraqlanmış və ailələrinə baş sağlığı vermişdir. Qoşakənd kənd sakini, qazi Məmmədov Hasil Əsgər oğlunun evində olan millət vəkili onu “cəsur döyüşçü” adı alması münasibəti ilə təbrik etmiş,vətən qarşısında göstərdiyi xidmətlərə görə təşəkkür etmişdir.Günün sonunda Novruz Aslanov Ağbulaq kəndində şəhid Yusifov Ramil Mürşüd oğlunun ailəsində olmuşdur.
Görüşlərdə millət vəkili şəhid ailələrinin və qazilərin daim Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunduqlarını, onların problemlərinin həlli üçün Prezidentin sərəncamı ilə “YAŞAT” Fondunun yaradıldığını vurğulamışdır. Fond barədə onlara geniş məlumat verərək fonda ianə edilmiş vəsait hesabına belə ailələrin problemlərinin qarşılanacağını bildirmişdir.
Ziyarət edilmiş hər ailəyə ərzaq, məişət əşyaları və geyim çeşidləri ilə yardım edilmişdir.Şəhid ailələri və qazilər millət vəkilinin ziyarətini yüksək qiymətləndirmiş və ona təşəkkür etmişlər.
Məlumat üçün bildirək ki, İsmayıllı rayonundan 28 şəhid və 80-ə yaxın qazi vardır. Novruz Aslanov bundan öncə yanvarın 3-də və 6-da rayonda şəhid ailələri və qazilər ilə görüşmüşdür.