İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və icra hakimiyyətinin əməkdaşları döyüşdən qayıdan qazilərimizi evlərində ziyarət ediblər. Bu dəfə görüş üçün ünvan Diyallı, Güyüm, Təzəkənd, Pirəbilqasım və Minkə kəndləri seçilib. Ziyarətçilər qazilərimizlə söhbət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
RİH başçısı onları şanlı qələbəmiz münasibəti ilə təbrik edib, döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə rayon ictimaiyyəti adından təşəkkür edib. O, bildirib ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə Azərbaycanın “dəmir yumruğu”nun gücünü dünyaya göstərdi. Bütün dünya bizim ordumuzun gücünü, xalqımızın birliyini və müzəffər Prezidentimizin iradəsini görmüş oldu.
Qazilərimizdə Prezidentimizin gücündən güc alaraq, xalqımızın birliyindən, arxa cəbhənin onlara verdiyi dəstəkdən ruhlanaraq bu qələbəni qazandıqlarını bildiriblər. Onlar öz döyüş xatirələrindən, ordumuzun yenilməzliyindən danışıblar, Bakıda keçirilən Zəfər Paradını qürurla izlədiklərini qeyd ediblər.
Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılıb. Bu fond sizlərin gələcəyinizin təminatıdır. Hər bir şəhid ailəsi, hər bir qazimiz əmin ola bilər ki, dövlətimizin, xalqımızın qayğısı və dəstəyi həmişə onlarla olacaq.
Qazilər və onların ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkür ediblər.