Tovuz döyüşlərinin düz bir ayı tamam oldu. Və bir ayın tamam olduğu gün işə baxın: Türkiyədən böyük hərbi nümayəndə heyəti Bakıya gəlir, müdafiə naziri Hulusi Akar möhtəşəm mesajlar verir, eyni tarixdə prezident İlham Əliyev isə rusiyalı həmkarı Vladimir Putinə telefon zəngi açaraq Ermənistana 400 ton silah daşınmasına görə narahatlığını, narazılığını çatdırır, dolayısı ilə izahat tələb edir.
Bəli, məlum olur ki, Tovuz döyüşlərinin başladığı 12 iyuldan cəmi 5 gün sonra - 17 iyuldan Rusiya Ermənistana silah tədarükünə start veribmiş. Özü də ötürülən silahların satış, yoxsa pulsuz təchizat olduğu bilinmir.
Yəni, ATƏT-in Minsk qrupunda olan həmsədr ölkə işğalçını silahlandırır. Bütün beynəlxalq konvensiyalara, normativlərə tüpürməkdir bu! Sən düşməni silahlandır, sonra iki ölkə arasında münaqişənin müsbət həlli ilə bağlı vasitəçi olduğunu söylə...
Rusiya ilə yanaşı eyni pisliyi Serbiya da etdi. Tovuz döyüşləri vaxtı serblərin ermənilərə silah satdığı üzə çıxdı. Hətta xarici işlər nazirinin müavini Xələf Xələfov döyüşlərdə serb silahından istifadə olunduğunu açıqlamışdı.
Beləliklə, regionda başlanan 3-4 günlük müharibənin siyasi davası qızışmaqdadır və bütün qüvvələr, eləcə də Azərbaycan kartları açıb.
***
Anaxeber.info yazır ki, Tovuz müharibəsinin bir ayında - avqustun 13-də baş verənlər regionda yeni mərhələnin təməlqoyma mərasimi idi.
Bakı, Ankara və Moskva nə istədiyini açıq şəkildə ortaya qoydular. Əvvəla, İ.Əliyevin kəskin mövqe sərgilməsi ilk dəfə deyil.
Prezident vaxtında Sürix protokollarına qarşı açıq etirazını bildirmiş, hətta Obamanın görüş təklifini rədd etmişdi!
Bir neçə gün əvvəl isə Serbiya prezidenti azərbaycanlı həmkarına zəng etdi, vəziyyəti aydınlaşdırdı, dalınca Təhlükəsizlik Şurasının katibini Bakıya göndərdi. Çünki Belqrad Bakını itirmək istəmir.
Bu hadisələrdən sonra Əliyevin Putinə zəng edərək işğalçı dövlətə silah göndərməsinə görə narahatlığını dilə gətirməsi sübut edir ki, rəsmi Bakı siyasi iradə nümayiş etdirməsə, mümkün deyil.
Bu qüvvəti və motivasiyanı verən həm də qardaş Türkiyənin tarixdə heç vaxt olmadığı qədər siyasi - hərbi dəstəyini verməsidir. Ankaranın Cənubi Qafqazdakı maraqları hər nə olursa-olsun, Kremlin və Vaşinqtonun maraqlarından daha yaxşıdır, bizə əsla zərər gətirməz.
Hakimiyyət bunu anlayır, türk ordusunun gücünə də bələddir, Ermənistan və havadarı Rusiya ilə mübarizə üçün arxasında Türkiyə kimi nəhəng dayağın olmasının vacibliyini başa düşür.
Yəni, Qafqazda Türkiyənin hərbi mövcudluğu istənilən halda Rusiyanı hansısa addımlardan çəkindirə, Azərbaycanı sıxma-boğamaya salmaq siyasətini yumşalda bilər.
Bunun üçün ən ümdə məsələ Naxçıvan və Abşeronda Türkiyənin hərbi bazalarının yerləşdirilməsinə nail olmaqdır.
Bəli, Ermənistanda rud hərbi bazaları varsa, bizdə niyə türkün olmasın?! Amma Moskva istəyir ki, Azərbaycanı da hərbi ittifaqa (KTMT-yə) qoşsun, öz “soldat”larını sərhədlərimizə yerləşdirsin.
Hərçənd Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və heç bir hərbi alyansa üzv ola bilməz.
Lakin türk hərbi bazasının yerləşməsinə mane olmur. Ona görə də Qafqaz uğrunda Türkiyə-Rusiya mübarizəsi getdikcə dərinləşəcək.
***
Tovuz döyüşlərindən başlayaraq bu günə qədər Ankaranın aşkar və güclü dəstəyi göstərir ki, Ərdoğan hakimiyyətinin regionda planları var.
Bu hədəflər Aralıq dənizi sahillərinə nəzarətdən Cənubi Qafqaza qədər uzanır - yəni, Türkiyə Liviyada rusları necə küncə sıxıbsa, bizim bölgədə də analoji istəkləri var.
Odur ki, müdafiə nazirimiz Zakir Həsənovla xarici işlər naziri Ceyhun Bayramovla birgə Ankaraya gedib prezident Ərdoğanla görüşməsindən cəmi bir gün sonra Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər, o cümlədən qardaş ölkənin müxtəlif qoşun növləri komandanlarının Azərbaycana gəlməsi təsadüf deyil.
Üstəgəl Azərbaycanla Türkiyənin avqustun 10-da tamamlanması planlaşdırılan hərbi təlimlərinin bir neçə gün də uzadılması heç təsadüf ola bilməz.
Sözsüz ki, Türkiyənin Azərbaycana verdiyi dəstək həm də enerji maraqlarıyla bağlıdır. Baxın, 2020-ci ilin yanvarından Türkiyə Rusiyadan qaz alışını kəskin azaltmağa başlayıb.
Bu da ən minimum səviyyəyə iyunda çatıb. Əvəzində isə Ankara Azərbaycan başda olmaqla Qətər, Əlcəzair, ABŞ-dan qaz idxalını artırıb.
Azərbaycandan qaz tədarükünün artırılması ucbatından Türkiyəyə Rusiyadan gələn iki qaz kəməri - Türk Axını və Mavi Axını sıxıntılar yaşamağa başlayıb.
Bu, sizə heç nə demir?! Axı Türkiyənin Azərbaycanda hərbi varlığı Avropa İttifaqının da maraqlarına tərs deyil.
Əksinə türk ordusunun gəlişi “qoca qitə”nin qazla təminatına başlayan Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi deməkdir.
***
Anaxeber.info yazır ki, indi hər kəsi bir sual düşündürür - Əliyevin Putinə zəngindən sonra Rusiya nələr edəcək...
Moskva yaxşı bilir ki, Bakını sıxmaqla özündən uzaqlaşdırır. Elə bu izolyasiya Azərbaycanı Türkiyəyə və Avropaya daha da yaxınlaşdırır.
Üstəlik, Ankara daha artıq dəstək verməyə, Cənubi Qafqaza yerləşməyə hazırdır. O baxımdan Putin vəziyyətin gərginləşməsini arzulamır.
Digər sual doğuran nüans - əgər Paşinyan hakimiyyəti Sorosbaz, Qərbpərəstdirsə, nə üçün Putin 400 ton silah göndərir?
Axı həmin Ermənistandır ki, ölkədə rusdilli məktəblər ilbəil bağlanır, Rusiya TV-lərinin yayımı qadağandır, mitinqlərdə anti-Putin şüarları, ritorikası eşidilir. Kreml bu siyasəti görür, Putin də Paşinyanı sevmir.
Amma o anlama gəlmir ki, Rusiya dövləti Ermənistandakı siyasi hakimiyyətə olan antipatiyasına görə əbədi müttəfiqi Ermənistana silah göndərməyəcək.
Ona görə ilk dəfə Əliyev Putinə iradlarını çatdırır və Moskva Bakıya Türkiyə ilə daha da yaxınlaşmaqdan başqa yol qoymur.
Kəsəsi, regionda yeni bir gərginliyin təməli atıldı və Türkiyə Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da varlığını sürdürəcək.
Tovuz döyüşləri göstərdi ki, Türkiyə bizə görə yox, ən azı TAP, TANAP, Bakı-Tiflis-Ceyhan kəmərini mühafizə etmək üçün buna getməlidir...