Avqustun 5-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda SMS-icazə sistemi ləğv edilir. Bu isə sosial şəbəkələrdə koronaya yoluxan xəstələrin hərəkətinə nəzarətin hansı yolla tənzimlənməsi barədə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Xeberleragentliyi.com sorğusuna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, virusa yoluxan şəxslərin qaydalara əməl etməsinə nəzarət məqsədilə yeniliklər tətbiq ediləcək:
“Evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir. Əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsilə xəstələrin müşahidəsini aparır.
Qeyd edək ki, SMS-icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, MİS işçilərinin, eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub. Eyni zamanda, SMS-icazə xidməti ləğv olunduqdan sonra E-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək”.