Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib.
Axar.az xəbər verir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***
İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.
Bildirildi ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.
Bu korpus zərurət olmadıqda – yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da 28 saylı Bilgəh qəsəbəsində Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilib. Növbəti modul tipli infeksion xəstəliklər korpusu Qobustan rayonunda quraşdırılıb. Bu komplekslər rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılaraq onlara təhkim olunur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Dövlət başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.