Gingivit, parodontit və peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəlikləridir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, xərçəngin bəzi növləri, erektil disfunksiya, hamiləliyin ağırlaşmaları, ürək-damar xəstəlikləri və digər xroniki patologiyalar ilə əlaqəsi və ümumi sağlamlığa ciddi təhlükə yarada biləcəyini göstərən müxtəlif elmi tədqiqatlar mövcuddur, diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır.
Ölkəmizdə 12 may 2020-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Qanayan diş ətinə yox deyin” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd olundu. Azərbaycanda artıq 5 ildir aktiv qeyd olunan bu günün məqsədi, xüssusən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə, insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirmək ilə yanaşı hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri arasındakı əlaqələrin əhəmiyyətini ön plana çıxararaq gündəmə gətirməkdən ibarətdir. Bu il yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbi ilə 50-dən çox ölkədə Avropa Parodontologiya Federasiyası ilə birgə təşkilata üzv olan ölkələrin Parodontologiya Cəmiyyətləri tərəfindən bu günə aid müxtəlif sosial maarifləndirici tədbirlər onlayn olaraq keçirildi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onlayn ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlara institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən “COVID-19 pandemiyası dövründə diş əti sağlamlığı. Ambulator şəraitdə parodont xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda onlayn məruzələr oxundu. Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələrə universitetin terapevtik stomatologiya kafedrasının dosenti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının sədri, tibb elmləri doktoru Ramiz Əhmədbəyli və ortopedik stomatologiya kafedrasının assistenti, Azərbaycan Parodontologəya Cəmiyyətinin vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov tərəfindən “Stomatoloji xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika tədbirləri” mövzusunda onlayn seminarlar keçirildi. Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti, Diş Əti Sağlamlığı Günü Azərbaycan koordonatoru Rövşən Məmmədov tərəfindən Diş Əti Sağlamlığı Gününə həsr olunmuş nəşrlər və videolar ölkəmizdə fəaliyyət göstərən həkimlərə və Cəmiyyətin üzvlərinə göndərilmişdir. Həmçinin, vebinarlar, sosial media kampaniyaları, instagram və facebookda canlı yayım sessiyaları kimi çox sayda maarifləndirmə tədbirləri Azərbaycan dilində keçirilmişdir.
Ətraflı: https://www.perio.az
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı