Xəbər verdiyimiz bu gündən etibarən metronun fəaliyyəti başladı. Mayın 11-dən sonra növbəti yumşalmada iri ticarət mərkəzlərin fəaliyyətinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxəbər.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, metronun açılması müsbət haldır: "Çünki karantin rejimi yumşaldıqdan sonra əhali küçələrə axışdı. Metro ilə yanaşı şəhərdə əsas ictimai nəqliyyat hesab olunan avtobuslarda isə sərnişin sıxlığı müşahidə olunurdu. Karantin rejiminin normalarına riayət olunmurdu. Bu da koronovirusun yayılma riskini artırırdı. Metro açıldıqdan sonra sərnişin axını bölünəcək və bu doğru addımdır. Növbəti yumşalmanın olması və ticarət mərkəzlərinin açılması bilavasitə koronovirusla bağlı aparılan statistikadan asılıdır. Təəssüf ki, son günlərin statistikası məyusedicidir. Bir çox vətəndaşlarımız hələ də bu təhlükəyə qeyri-ciddi yanaşmaqla səhlənkarlıq nümayiş etdirirlər. Düşünürəm ki, insanların daha çox toplaşdığı ticarət mərkəzlərinin açılması koronavirusa yoluxanların sayını artıra bilər. Ona görə də hesab edirəm ki, bu məsələdə tələsməyə ehtiyac yoxdur".