Sizin reklam burada
Sizin reklam burada

Halal sözün fədaisi… Elbariz Məmmədli – 60

Halal sözün fədaisi… Elbariz Məmmədli – 60

Halal sözün fədailərindən olan Azərbaycanın ünlü şairi, Elbariz Məmmədlinin 60 yaşı tamam olur. Bu altmış ilin tam qırx ili halal sözün xidmətində keçib. Əziz qardaşımızı şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatda həmişə sevinclü günlər arzulayırıq!

Elbariz MƏMMƏDLİ 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1977-ci ildə Çaparlı kənd orta məktəbini, 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Azərbaycan dəmiryolçusu” qəzetinin müxbiridir. Uzun illərdir ki, respublika mətbuatında bədii və publisistik yazıları ilə çıxış edir.

1996-cı ildə publisistik fəaliyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülüb. “Durna harayı”, ”Mən savaşa çağırıram” və “Dünya iki rəngdədir” kitablarının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Fəxri dəmiryolçu”dur.

Elbarizin şerləri haqqında təkcə ölkə mətbuatında deyil, qardaş Türkiyənin mətbuat orqanlarında da fikirlər yazılıb.



Vasif Süleyman


Elbariz MƏMMƏDLİnin şeirləri



ALTMIŞ YAŞIMA ÖN SÖZ

Haradan başlamışdıq, hara gəldik, bilmirəm,
Nəyi apardı bizdən illərin qovğaları.
Göynədən xatirədi həm gənclik, həm uşaqlıq,
Tutub yaddaşımızın yükünü, yar – yarı.

Arzumuz çox böyükdü, mənzilinə varmadıq,
Ehtiyacın əlində girov qaldı, ümidlər.
Mən getdiyim yerlərə nifrəti aparmadım,
Göz dikib səhərlərin qapısına, ümidlə.

Neçə dost gəldi, getdi, yolumuz haçalandı,
Hərə bir yanda düşdü nəfsinin girovuna.
Bəşər bir möcüzəymiş, ruhundan gen düşəndə,
Tamah üçün gedərmiş , insan insan ovuna.

Sən məni qovdun elə, əzablı sabahlara,
Əzablı axşamlarım duyğumla bir olmadı.
Mənə könül vermədi, mən sevdiyim gözəllər,
Məni sevənlərə də könlümdə yer olmadı.

Baxıram, yer üzündə Vətən boyda dərd qalıb,
Bilmirəm, nə deyəcək, bizdən sonra gələnlər.
Biganəlik hamını elə ovsunlayıb ki,
Başqa səmtə yürüyür, arzusu göy dələnlər.

Heç vaxt əyilməmişdik, yad nəfəslər önündə,
İndi boyun bükürük, hənirti duyan kimi.
Niyə, qoruyammadıq bu, Vətən deyiləni?
Analar öz bətnində bizi qoruyan kimi.

İki biçim söz dedik, söz nəyi dəyişdi ki,
Sözümüzü oxuyan, ayaqda yuxuladı.
Kimsə nəşə yerinə baxdı şeirlərimə,
Umduğum adamların biri də oxumadı.

Zaman elə əridi, üzü qüruba tərəf,
Seçib ayırammadım, dərdlərimin rəngini.
Ha doğruya yürüdüm, əllərim boşda qaldı,
Tutdu, tutanlar tudu, zamanın ahəngini.

Bir kənddə doğulmuşdum, yolları çiçək – çiçək,
Sevmişdim səhərini, sevmişdim axşamını.
Orda duyğu yığmışdım ilhamıma – bir ürək,
Şəhərdə tapammadım o duyğunun tamını.

Gəl, oturub dərdləşək, neçə borc yükümüz var,
Sənin yükün tərs gəlir, bu odlu ürəyimlə.
Bəlkə təzdən başlayaq, savaşların yolunu,
Bircə quru canım var, oynayırsan nəyimlə?





ÖMÜR-GÜN YOLDAŞIMA

Bütün dərdlərimi bölüşən yerim,

Ürəkdə işığım, dildə əzbərim.

Hər cür əzabıma qatlaşan pərim,

Nə yaxşı ömrümə gəlibsən mənim.



Çətində qolumdan tutan olubsan,

Ömrünü ömrümə qatan olubsan.

Sinəmdə eşq adlı sultan olubsan,

Nə yaxşı ömrümə gəlibsən mənim.



İndiki sevgilər ucuzdur, ucuz,

Ürəklər daş kimi, düşüncələr buz.

Sənsiz neyləyərdim hissiz, duyğusuz,

Nə yaxşı ömrümə gəlibsən mənim.



Axtarıb illərlə ürəyim səni,

Ay, ev-eşiyimin dirəyi, səni.

Tanrımı göndərib gərəyim səni?

Nə yaxşı ömrümə gəlibsən mənim.



Çörəyimiz halal, duzumuz halal,

Böyüyür oğlumuz-qızımız, halal.

Halal adamlarıq özümüz, halal,

Nə yaxşı ömrümə gəlibsən mənim.



Yıxan məhəbbətdir bərəni-bəndi,

Ömür-gün nədir ki, keçib gedəndi.

Səni tanıyandan bəxtim gülşəndi,

Nə yaxşı ömrümə gəlibsən mənim.



Yaşımız baharla qış arasında,

Əriyir gör neçə daş arasında.

Sevgiyə köklənən yaş arasında,

Nə yaxşı ömrümə gəlibsən mənim.



QARDAŞIM QURBANA

Öyrəşə bilmədi çiynimiz yükə,

Zəhmətin çəmini tuta bilmədik.

Halallıq içində alın tərini,

Biz öz ömrümüzə qata bilmədik.

Təkcə sən oxşadın atama, qardaş.



Hərəmiz bir yana pənah apardıq,

Yurddan uzaq düşən qərib çapardıq.

Şöhrət işığına yolların üstə,

Haraya qaçırdıq, haraya vardıq.

Təkcə sən oxşadın atama, qardaş.



Torpaq canın oldu, ocaq istəyin,

Qabarlı əllərin gücün-dirəyin.

Atam tək torpağa elə bağlısan,

Halal zəhmətindən çıxır çörəyin.

Təkcə sən oxşadın atama,qardaş.



Bağ saldın, yol çəkdin elin keçəsi,

Tapıb işığında uğur neçəsi.

Kənddə bizsiz qalan ocağımızın,

Sənə köklənibdir niyə, necəsi.

Təkcə sən oxşadın atama, qardaş.



Yollarda qalmışıq qərib quş kimi,

Müjdəyə dönmüşük qaranquş kimi.

Biz kəndə-kəsəyə yarayammadıq,

Ömür üstümüzdə qaldı güc kimi.

Təkcə sən oxşadın atama, qardaş.



Duymursan zamanı əkin-biçindən,

Sən çoxdan çıxıbsan vaxtın içindən.

Zəhmətə köklənmiş balalarının,

Özünə oxşayır üçü üçündən.

Təkcə sən oxşadın atama, qardaş.



İnsan yüz yaşaya ömürn ağında,

Xoş olmaz, gendəsə öz ocağından.

Atamın yoluna könül verəli,

Bizi də qurtardın el qınağından.

Nə yaxşı, atama oxşadın, qardaş.



HARA QAÇASAN

Nədənsə bütün dünya Türkün

meydandan çəkilməsinə maraqlıdır.

Bu mümkünmü?

Hamı çəkil deyir, hamı qaç deyir,

Bu yerdən, bu göydən hara qaçasan.

Canınla, qanınla Vətən olduğun,

Bu yurddan, bu köydən hara qaçasan.



Hələ bitmədimi Tanrı sınağı,

Dörd yandan üstümə dartınır yağı,

Bütün yer üzündə izim, sorağım,

Bu kökdən, bu soydan hara qaçasan.



Cahan didmələnir qurdlar içində,

Yurdsuzlar yurd salır, yurdlar içində,

Hər qolum bir eldə, yadlar içində,

Bu qandan, bu boydan ara qaçasan.



Köksümdə göylərin işığı, nuru,

Niyyətim tərtəmiz, ruhum dupduru,

Qarşıda özümə dönüşüm durub,

Dönüşə haraydan hara qaçasan.



İçimdə kükrəyən bir boz börüyəm,

Hələ sınmamışam, üzü bəriyəm,

Türkəm, yaranışın şah əsəriyəm,

Bu ilkin saraydan hara qaçasan.



Gözləyir qarşıda ünvanlar məni,

Yurda yiyə bilib Xaqanlar məni,

Çağırır ətrinə yovşanlar məni,

Bu qismətdən, paydan hara qaçasan.



YAŞADIM

Yolu-izi daş-kəsəkli olsa da,

Mən bu ömrü bir üzümlə yaşadım.

Tanrı verən qismətimlə, payımla,

Öz haqqımla, öz düzümlə yaşadım.



Əl atmadım ətəklərə, əl üçün,

Qabar oldu, daş bağladı əl içim,

Düşüncəmi əydirmədim dil üçün,
öz duyğumla, öz sözümlə yaşadım.



Sıyrılanda divanların içindən,

Əzab adlı ünvanların içindən,

Önə çıxıb susanların içindən,

Dik qəddimlə, dik gözümlə yaşadım.



Yaş ötüşür, dirənişi əllidi,

Burdan belə nə başlayır, bəllidi.

Gedən ömür qalan izin həllidi,

Şükr Tanrı, öz izimlə yaşadım.



DEYİL

Şuşanın dağı dumanlı,

Duman o dumandan deyil.

Gədikləri qan ağlayır,

Bu qan da o qandan deyil.



Yağmalanıb gül-çiçəyi,

Tapdaq olub biçənəyi,

Gözləyirik kimi, nəyi,

Zaman o zamandan deyil.



Cığırları bar bağlayıb,

Ormanı qübar bağlayıb,

Suyu quduzlar bağlayıb.

Şeç ürəkdən-candan deyil.



Həsrət rəngindədi tülü,

Zirvələr bağrı sökülü,

Dərməyə «xarı büllbülü»,

Güman o gümandan deyil.



Nə qədər lal olub, susaq,

Bu görkəm ardı ulusa,

Dözüb yaşamaq budusa,

Vallah, heç vicdandan deyil.



AMAN KƏRKÜK

Suların qan rəngində,

göylərin od ələyir.

Dünyada var olalı,

Hərə bir hiylə qurub,

Ruhunu güllələyir –

Aman Kərkük.



Sinirlərin daralır,

Çəpərlərin yeriyir.

Sən kimə neyləmisən,

Dünən qucaq açdığın,

İndi sənin üstünə,

Geyib şəri yeriyir –

Aman Kərkük.



Kimdi bu, qovğa açan,

Səni gözü götürmür.

Sənə daş atılalı,

Heç yerdə rahatlığı, –

Yerin üzü götürmür –

Aman Kərkük.



Dilin bayatı dili,

Yaşayıb qalmağındır.

Üstünə atılan daş,

Başına gələn bəla,

Türk eli olmağındır –

Aman Kərkük.



Sən Füzuli sorağım,

Üz sürtməyə pirimsən.

Doğu, Batı arası,

Ən əziz ocağımsan,

Ən müqəddəs yerimsən –

Aman Kərkük.



Səni qara əllərə,

Verə biləlimmi, heç.

Adın çəkilən yerdə,

Baxıb çiçək dərdinə,

Dura biləlimmi, heç –

Aman Kərkük.



Ölməzdi türkün ruhu,

Bu sınaqdı, acıma.

Sənə düşmən olanlar,

Bir gün çəkiləcəklər,

Haqqın dar ağacına –

İnan Kərkük.



ALLAH

Gör nə zamana gəlmişik,

Od tutub su yanır, Allah.

Ağ-ağ günlər şər əllərdə,

Zülmətə boyanır, Allah.



Hər an yelinə uçduğun,

Sevib üstünə qaçdığın,

Uğrunda savaş açdığın,

Üzünə dayanır, Allah.



Nəfslər daşı dağlayır,

Göylər göydə qan ağlayır,

Üstündə ölüm çağlayır,

Yer özünü danır, Allah.



Asıb ağlından bəşəri,

Qarışdırır xeyri-şəri,

Cəhənnəmdən üzü bəri,

İblislər oyanır, Allah.



QURDUM, XOŞ BULDUN, XOŞ BULDUN

Türk dövlət və toplumlarının Bakı qurultayına

Yüz illərdi gəzdim səni,

Sordum, xoş buldun, xoş buldun.

Üzüm yurd havası duydu,

Yurdum, xoş buldun, xoş buldun.



Tikanlı çəpəri keçdin,

Ayaqlayıb Şəri, keçdin,

Qısqanc hədəfləri keçdin,

Mərdim, xoş buldun, xoş buldun.



Gözüm doldu qıy səsindən,

Bezmişdim yad hiyləsindən,

Altay, Tibet yaylasından,

Qurdum, xoş buldun, xoş buldun.



Düyünüm-toyum böyüdü,

Boy verdim, boyum böyüdü,

Sən gəldin öyüm böyüdü,

Gördüm, xoş buldun, xoş buldun.





YOXSA

Böyük Türkün böyük xanımı Azərinə

Bu qədər ilhammı olar,

Bu ürək dəryadı, yoxsa.

Qərib ruhları ağalyır,

Dilində fəryadı, yoxsa.



Şəlalədi, aşır-daşır,

Gedib ulusa calaşır,

Qəlb göynəyir, ağıl şaşır,

Xəyaldı, röyadı, yoxsa.



Meydan ki, düşür əlinə,

Hayqırır Oğuz elinə,

Dönür gözümün selinə,

Qurd üzü ayadı, yoxsa.



Nə mütlu, belə avaza,

Çağırır hamını yaza,

Durun gedək, dönər yasa,

Dilində bayatı, yoxsa.





RAMİL SƏFƏROVA

Bu yol bizim yolumuzdu,

Çoxdandı keçmirdik, Dədə.

Qan rəngində bayraqları

Qılınc kimi,

Yağıların ürəyinə

Çoxdandı sancmırdıq, Dədə.



Qəribsəmiş at nalları,

Muzeylərdə darıxmışdı.

Şah İsmayıl heykəl kimi,

Qılıncı dizi üstündə,

Bu şəhərdə darıxmışdı.



Yağı gəlib haqlamışdı.

Sərhədləri, çəpərləri,

Haqlamışdı, ümidləri,

haqlamışdı təpərləri.



Üstünə su ələnmişdi,

Gözü yolda sonaların.

Bu susqunluq , bu çəkilmə

Öldürmüşdü ümidini,

Ataların, anaların.



Şəhər kefdə yaşayırdı,

Torpaq qəmdə, nə faydası.

Düşüncələr üzülürdü,

Bu sitəmdən nə faydası.



Sən sükuta qılınc çəkdin,

Kişi oğlu, ötkəm kişi.

Anadan kişi doğulan,

Qeyrəti göyə tən kişi.



Namərd gördü gücümüzü,

Yaralayıb bildi, kimi,

Görüb qaçdı qabağından,

Dovşan kimi, tülkü kimi.



Biz qana susamamışıq,

Yağı qana çəkir bizi.

Bəlkə də dünya sınayır,

Gücümüzü, çəkimizi.



Təkcə girdin bu savaşa,

O çinar boyunla, təkcə.

Qeyrəti göyə qaldırdın,

Bu böyük oyunda təkcə.



Bu zəfərin başlanğıcı,

Bu səbrin tükənən yeri,

Tanrı özü qoruyacaq,

Sən haqqa söykənən yeri.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ