Sizin reklam burada
Sizin reklam burada

Neft bazarında rəqabət: Rusiya küncə sıxılır

Neft bazarında rəqabət: Rusiya küncə sıxılır



Mayın 1-dən etibarən OPEK ölkələrinin neft hasilatını azaltmaqla bağlı razılaşması qüvvəyə minəcək. Lakin burada önəmli bir məqam var. Qərarda hasil olunan neftin azaldılması nəzərdə tutulub, lakin neftin satılmasına dair hər hansı bir razılaşma yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli “Saudi Aramko” şirkətinin Rusiya tədarükçülərini Avropa neft bazarından sıxışdırması haqqında danışarkən deyib. O bildirib ki, hazırda Avropa bazarı uğrunda qızğın mübarizə gedir:

“Bu gün koronavirus pandemiyasına görə dünyada 4 milyarda yaxın insan evindədir. Bu da tədricən dünya iqtisadiyyatında istehlak və istehsalın azalmasına gətirib çıxarıb. Xüsusilə aviareyslər, nəqliyyat, turizm sistemi tamamilə dayanıb. Mövcud vəziyyət bazarlarda rəqabəti kəskin şəkildə artırıb”.

Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı neft bazarında aqressiv rəqabət aparır:

“Hazırda istehlakla bağlı gərgin bir situasiya yaranıb. Bu vəziyyətdə istənilən şirkət və ölkə öz müştərisini itirmək istəmir. Xüsusilə də neft hasil edən ölkələr çıxarılan nefti saxlamağa yer tapa bilmirlər. Bu səbəbdən Səudiyyə Ərəbistanı çox aqressiv şəkildə müştəri qazanmağa və hər yerdə əsas rəqiblərini sıxışdırmağa çalışır. Avropa bazarı Səudiyyə üçün xüsusilə əhəmiyyətlidir. Çünki bu region həm logistik, həm də çatdırılma xərcləri baxımdan daha yaxın və sərfəlidir”.

Ekspert bildirib ki, bu gün Səudiyyə Ərəbistanı neftinin Rusiya neftindən bir sıra üstünlükləri var:

“Rusiyanın “Ural” markalı neftinin tərkibində kükürd daha çoxdur. Bu da öz növbəsində istehsalda itkilərə səbəb olur. Səudiyyənin nefti isə daha keyfiyyətlidir və daha çox aviayanacaq, benzin, mazut və s. alınır. İkinci bir üstünlüyü isə Səudiyyə Ərəbistanı neftinin ucuz başa gəlməsidir. Digər tərəfdən texnoloji cəhətdən daha rahat çıxarılır. Çünki Səudiyyə öz neftini daha dayaz səthdən çıxarır. Rusiyanın nefti isə əsasən Sibirdən çıxarılır və bu, həm çox məsrəfli, həm də çətin prosesdir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ