Sizin reklam burada
Sizin reklam burada

Yəməndə daxili münaqişə yenidən alovlanır: Cənublular “muxtariyyət” elan etdi – TƏHLİL

Yəməndə daxili münaqişə yenidən alovlanır: Cənublular “muxtariyyət” elan etdi – TƏHLİL

Yəmənin yenidən bölünməsi istiqamətində ilk addım atılıb. Aprelin 26-da ölkənin cənubunda fəaliyyət göstərən separatçı “Cənub Keçid Şurası” (CKŞ) Cənubi Yəməndə “muxtariyyət” elan edib.

Bu qərar gözlənilməz olmasa da, ciddi narazılıq doğurub. Xüsusən də Yəmənin devrilmiş hökuməti və bu hökumətin əsas dəstəkçisi Səudiyyə Ərəbistanı cənubluların qərarını pisləyib.

Lakin CKŞ geri çəkilmək fikrində deyil. Çünki muxtariyyət bəyanatından iki gün sonra açıqlama yayan Şura tələblərində israrçı olduqlarını, geri çəkilməyəcəklərini bildiriblər. Eyni zamanda, Keçid Şurası Mansur Hadi hökumətini Riyad razılaşmasını yerinə yetirilməsində ləng davranmaqda və buna əməl etməkdən yayınmaqda günahlandırıb.

Mühacir Yəmən hökumətinin Xarici İşlər naziri Məhəmmdə əl-Həzrəmuti Cənub Keçid Şurasının muxtariyyət elan etməsinin ötən il avqustda başlayan silahlı üsyanın davamı olduğunu və noyabrda imzalanan Riyad anlaşmasından pozulduğunu bildirib.


Məsələ ondadır ki, Yəməndə “ərəb baharı” inqilabı nəticəsində 2012-ci ildə ölkəyə 30 il rəhbərlik etmiş Əli Abdullah Saleh devrilib və onu vitse-prezident Mansur Hadi əvəz edib. Ancaq Hadi keçid dövründə siyasi qüvvələrlə anlaşa bilməyib, nəticədə 2014-cü ildə üsyan qaldıran husilər paytaxt Səna şəhərinə hücum edərək, hakimiyyəti ələ keçirib.

Mansur Hadi isə əvvəl cənubdakı Ədən şəhərinə, daha sonra isə Səudiyyə Ərəbistanına qaçıb. 2015-ci il martın 26-da isə Səudiyyə Ərəbistanının liderlik etdiyi 10 ölkədən ibarət hərbi koalisiya Yəməndə Mansur Hadini yenidən hakimiyyətə qaytarmaq üçün husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar müəyyən atəşkəs razılaşmalarına baxmayaraq, hələ də davam edir.

2019-cu ilin avqustunda isə ölkənin cənubunda fəaliyyət göstərən silahlı qrupların birləşdiyi Cənub Keçid Şurası ilə Mansur Hadiyə sadiq qüvvələr arasında Ədəndə toqquşmalar başlayıb. Cənub Keçid Şurası Ədən şəhəri də daxil olmaqla Cənubi Yəməndə hakimiyyəti ələ keçirməyə çalışır.

Məlum olduğu kimi, Yəmən 1962-ci ildə İmamət rejimi devrildikdən sonra ikiyə bölünüb. 1967-ci ildə ölkənin cənubi və şərqini əhatə edən, paytaxtı Ədən şəhəri olmaqla Cənubi Yəmən və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası yaradılıb. Sosialist dövlət olan və SSRİ-nin yaxın müttəfiqi sayılan Cənubi Yəmən 1990-cı ilə qədər mövcud olub. Ancaq 1986-cı ildə başlayan vətəndaş müharibəsi nəticəsində 1990-cı ildə hər iki Yəmən birləşib. Lakin birləşməyə baxmayaraq, cənubda separatçı hərəkat həmişə mövcud olub. 1994-cü ildə cənublular yenidən müstəqillik elan etməyə cəhd göstərsələr də, uğursuzluğa düçar olublar. Yəmənin cənubunda müstəqillik tərəfdarları bir də 2017-ci ildə hazırkı müharibədən sonra fəallaşıb.

2017-ci ildə Hadi tərəfindən vəzifəsindən azad edilmiş Ədən əyalətinin keçmiş qubernatoru Aydaros əz-Zubeydi Yəmənin cənubundakı 26 qəbilə, hərbi və siyasi lideri birləşdirərək, müstəqilliyə nail olmaq məqsədilə Cənubi Keçid Şurasını yaradıb. Bundan sonra Yəməndə savaşan qüvvələrin sayı daha da artıb. Yeri gəlmişkən, Yəməndə husilər və onların müttəfiq qrupları ilə yanaşı Mansur Hadi hökuməti, CKŞ və əl-Qaidənin Yəmən qolu, eləcə də İŞİD-in yerli qrupu fəaliyyət göstərir.

Maraqlıdır ki, Mansur Hadi hökumətini Səudiyyə Ərəbistanı dəstəklədiyi halda cənub separatçılarını, yəni CKŞ-nın arxasında Birləşmiş Ərəb Əmirlikləri dayanır. BƏƏ-nin hazırda Yəməndə hərbi qüvvələri mövcuddur və onlar husilərə qarşı əməliyyatlarda iştirak edir.

Ötən il Ədəndə Mansur Hadi qüvvələri ilə qarşıdurmaya gedən CKŞ silahlıları şəhərə nəzarəti ələ keçirib. Bundan sonra məsələyə qarışan Səudiyyə Ərəbistanı və BƏƏ tərəfləri barışdırmaq üçün danışıqlar təşkil edib və nəticədə noyabrda ər-Riyad şəhərində tərəflər arasında barışıq əldə olunub.

2019-cu il noyabrın 5-də əldə olunmuş Riyad razılaşmasına əsasən, tərəflər Mansur Hadi hökumətinin yenidən Ədənə geri dönməsi, siyasi hökumət qurulması, bütün hərbi birləşmələrin Müdafiə Nazirliyi və DİN-ə tabe etdirilməsi, tərəflərin əsirləri azad etməsi kimi maddələr yer alıb. Bu il aprelin 20-də Riyad razılaşmasını tətbiq etməklə bağlı yeni bir müqavilə imzalanıb.

Ancaq görünür ki, cənublular Hadi hökumətinə etimad etməyiblər. Cənubi Yəmənin muxtariyyət elan etməsi bir başlanğıc kimi qəbul oluna bilər. Güman ki, yaxın dövrdə qüvvələrini cəmləyən CKŞ müstəqilliyini elan etməyə çalışacaq. Ancaq bunun üçün ilk növbədə körfəz regionunun lideri Səudiyyə Ərəbistanı ilə dil tapmalıdır. Riyad isə hazırda əsas diqqətini şimaldakı husilərə yönəldib. Səudiyyə Ərəbistanı krallığı İranın təsiri altında olan husilərin hakimiyyətdən uzaqlaşdırılmasına çalışır. Bu mənada cənubluların separatçı fəaliyyəti ilk növbədə Səudiyyə Ərəbistanının maraqlarına zərbədir. Ancaq krallığın əsas regional müttəfiqi olan BƏƏ-nin cənub separatçılarını dəstəkləməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ