Sizin reklam burada
Sizin reklam burada

Yaxın zamanda neftin bahalaşmasından söhbət gedə bilməz - ekspert danışır

Yaxın zamanda neftin bahalaşmasından söhbət gedə bilməz - ekspert danışır

Aprelin 21-i gecə dünyada görünməmiş bir hadisə baş verdi. Belə ki, neftin qiyməti tarixi mənfiyə düşdü. Buna səbəb kimi aviareyslərin dayandırılması nəticəsində neftin istifadəsinin kəskin şəkildə azalması göstərilir. Bu da neftin satışı nəticəsində gəlir əldə edən dövlətlərin iqtisadiyyatına ciddi zərbədir.

Vəziyyəti AYNA-ya şərh edən iqtisadçı-ekspert Samir Əliyevə tarixdə ilk dəfə belə bir hadisənin baş verdiyini deyib: “Bu, real neftin yox, kağız üzərində olan neftin qiymətidir. Neft, bir qayda olaraq müqavilələr əsasında satılır. Müqavilə isə bir neçə ay əvvəldən bağlanır. Müqaviləyə əsasən, neftin qiyməti və satılacaq neftin həcmi müəyyən edilir. Həmin müqavilə əsasında nefti alan şəxs o nefti daha baha qiymətə başqa alıcılara sata bilər. Bu işlə məşğul olanlara “broker” deyilir. Aprelin 21-də də müqavilə müddəti bitirdi və brokerlər yeni may ayı üçün müqavilə imzalamalı idilər”.

“Nefti almaq heç də asan məsələ deyil. Çünki nefti alandan sonra xüsusi yerlərdə onu saxlamaq lazımdır. Brokerlər bunu etmirlər. Onların işi nefti alıb-satmaqdır. Nefti saxlayacaq yerləri olmadığı üçün brokerlər də indiki halda müqavilələrdən azad olmaq üçün onları dəyər-dəyməzinə satdılar. Nəticədə neftin qiymətinin mənfiyə düşməsinə səbəb oldu. Artıq iyun ayının fyuçersi başlamalıdır. Yenidən neftin qiyməti 20 dollara kimi qalxacaq”, - deyə Əliyev bildirib.

Azərbaycan neftinə gəldikdə isə, ekspertin sözlərinə görə, dünyada gedən proseslər Azərbaycan neftinin qiymətinə də ciddi təsir göstərir: “Koronavirusa görə neftə tələbat azalıb. Azərbaycan nefti yüksək keyfiyyətinə və Avropa ölkələrinə satılmasına baxmayaraq, ona da tələbat kəskin azalıb. Azərbaycan nefti təyyarə yanacağı üçün istifadə olunur. Bu gün təyyarələrin uçuşları da dayandığı üçün Azərbaycan nefti aşağı qiymətə satılır - 16 dollara”.

“Neftin qiymətinin düşməsi istehsalçı (İran, Rusiya, Azərbaycan və sair kimi) ölkələrin iqtisadiyyatına ciddi təsir göstərir. Amma neft idxal edən ölkələr üçün neftin qiymətinin ucuzlaşması sərfəlidir. İqtisadiyyatlarına müsbət təsir edir. Koronavirus problemi həll olunandan sonra dünya iqtisadiyyatında canlanma olacaq, nəticədə neftə təlabat artacaq. Bu da neftin qiymətinin artmasına gətirib çıxaracaq. Amma bu da zaman alacaq. Çünki bütün anbarlar neftlə doludur. O anbarlarda neft azalana qədər qiymət artımı mümkün deyil. Deməli, yaxın zamanlarda qiymət artımından söhbət gedə bilməz”, - iqtisadçı əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ