Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kənd tamamilə izolyasiya olundu – Koronavirusa görə

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kənd tamamilə izolyasiya olundu – Koronavirusa görə


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun İmirhəsən kəndi tamamilə karantinə alınıb.

Bu barədə Oxu.Az-a yerli sakinlər məlumat verib.

Bildirilib ki, kənd sakinlərindən 15 nəfərdə yeni tip koronavirusa (COVİD-19) yoluxma aşkarlanıb. Bu səbəbdən kənd izolyasiya olunub və giriş-çıxış yerli hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Bir neçə yaşayış məntəqəsinin Bolnisi və qonşu Marneuli rayonuna çıxış yolu üzərində yerləşən kənd nəzarətə götürüldüyü üçün həmin bölgənin sakinlərinə təcili-təxirəsalınmaz hallarda digər alternativ yollardan istifadə etmək tövsiyə olunub.

Məsələ ilə bağlı yerli mətbuata açıqlama verən Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib ki, bu qərar son olaraq iki nəfərdə virus aşkarlandıqdan sonra qəbul edilib:

“Onlar təcili yardım həkimi və təcili yardım avtomobilinin sürücüsünün uşağıdır. Bu iki yoluxma ilə birlikdə ümumi Bolnisi rayonunda 20 nəfərdə virus aşkarlanıb. Savaneti (İmirhəsən – red.) kəndinin tamamilə nəzarətə alındığını təsdiqləyə bilərəm”.

Qubernator həmçinin qeyd edib ki, daha altı nəfərin müayinə nəticələrinin cavabları gözlənilir.

Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi və Marneuli rayonlarında bütün ölkə üzrə ilk dəfə - martın 23-dən sərt karantin rejimi tətbiq olunur. Martın 31-dən bütün ölkədə karantin elan olunub.

Bu gündən etibarən isə rejim daha da sərtləşdirilib və ölkənin dörd böyük şəhərinə - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş qadağan edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ