Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan hökuməti pandemiya dövründə fəaliyyət göstərən sahələrə xüsusi diqqət ayırır - TƏHLİL

Azərbaycan hökuməti pandemiya dövründə fəaliyyət göstərən sahələrə xüsusi diqqət ayırır - TƏHLİL
Pandemiya dövründə əsas yük səhiyyə işçilərinin üzərində olsa da, təxminən o qədər ağır və məsuliyyətli iş sosial xidmət sektorunun payına düşür. Xüsusən karantin rejiminin tətbiq olunduğu bir vaxtda əhalinin, əsasən, yaşlı, xəstə və köməksiz hissəsinin dövlət dəstəyinə daha çox ehtiyacı yaranır.

Bütün bu yük isə sosial xidmət sektorunun üzərindədir. Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ətrafında yaranan ajiotaj da göstərdi ki, əhalinin ən həssas təbəqəsi ilə çalışan bu qurum cəmiyyətin xüsusi diqqət mərkəzindədir. Çünki qeyd olunduğu kimi, sosial xidmət qurumları əhalinin ən həssas və yardıma möhtac qrupu ilə çalışır.

Bu mənada, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncam bir tərəfdən sosial sahə işçilərinə dövlət dəstəyini artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədinə xidmət edirsə, digər tərəfdən həm də məsuliyyət kimi qiymətləndirilməlidir. Çünki bu sektor, yuxarıda da qeyd etdiyimiz kimi, həssas əhali qrupu ilə işləyir və bu sahədə çoxsaylı şikayətlər, narazılıqlar mövcuddur.

Məlum olduğu kimi, Azərbaycan hökuməti pandemiya dövründə fəaliyyət göstərən sahələrə xüsusi diqqət ayırır. Bundan əvvəl həkimlərin və səhiyyə işçilərinin əməkhaqlarının artırılması ilə bağlı prezidentin sərəncamı oldu.

Ötən gün isə Prezident İlham Əliyev “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinə dövlət dəstəyini nəzərdə tutur.

Sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan ümumilikdə iki min nəfərin əməkhaqqına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onlarla bağlı xüsusi təcrid rejimi tətbiq olunur. Bu qrupa daxil olan şəxslərin gündəlik sosial tələbatlarının yerinə yetirilməsi üçün sosial xidmət işçiləri səfərbər edilib. Bu kateqoriyadan olan sosial xidmət işçiləri hazırda 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərir.

Nazirliyin məlumatında qeyd olunur ki, hazırda yaşı 65-dən yuxarı tənha insanlar, eləcə də, tənha yaşayan və özünəqulluq qabiliyyəti olmayan əlilliyi olan şəxslər sosial xidmət işçiləri tərəfindən evlərində gündəlik sosial məişət xidmətləri ilə təmin olunurlar. Bundan başqa, son günlərdə müxtəlif dövlət və özəl müəssisələr tərəfindən ƏƏSMN xətti ilə 10 minlərlə tənha yaşlıya ərzaq payı verilib.

Göründüyü kimi, ortada həm də iş var, özü də az deyil. Təbii ki, haqlı olaraq narazılıqlar, çatışmazlıqlar da var. Lakin nəzərə almaq lazımdır ki, bu, Azərbaycan tarixində və ümumiyyətlə dünyada ən böyük fəlakətlərdən biri hesab olunur. Hətta dünyanın “superdövləti” ABŞ belə pandemiyaya hazırlıqsız yaxalandı. Avropanın inkişaf etmiş ölkələri pandemiyaya təslim oldular. Bu mənada, Azərbaycanda bu mövzuda istənilən neqativ hadisəyə don geyindirmək olar. Amma müsbət təcrübə yaratmaq imkanı da var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ