Neft istehsal edən ölkələr, koronavirus səbəbindən qiymətlərdə meydana gələn çöküşü dayandırmaq məqsədi ilə istehsalın azaldılması üçün razılaşıblar.
Belə ki, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və ortaqları video konfrans yolu ilə keçirdikləri görüşdə istehsalı gündəlik 10 milyon barel azaltmağa qərar veriblər.
Bəs, bununla neft bazarının taleyi həll olunacaqmı?
İqtisadçı ekspert Natiq Cəfərli bu barədə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu razılaşma ilə neft bazarının taleyinin həll olunacağını demək olmaz:
"Təəssüf ki, bu razılaşma ilə neft bazarının taleyi həll olunmaycaq. Dünya bazarında qəribə vəziyyət yaranıb. Bu dəqiqə gündəlik qiymətlərlə birja qiymətləri arasında ciddi fərq var. Gündəlik qiymətlər artıq razılıqlı danışıqlarla həll edilir. Buna görə də qiymətlər birja qiymətlərindən daha aşağıdır. Məsələnin ikinci tərəfi budur ki, dünya bazarında hasilatla istehlak arasında ciddi uçurum var. Keçən həftə gündəlik 101 milyon barel neft istehsalı olduğu halda istehlak 71 milyon barel olmuşdu. Yəni, dünya bazarlarında 30 milyon barellik neft var. Ona görə də 10 milyon barellik azalma problemi kökündən həll etmir. Düzdür, müəyyən psixoloji təsir göstərir, qiymətin az da olsa, sabitləşməsi nöqteyi-nəzərindən birjalara təsiri olacaq. Burada daha bir məsələ bundan ibarətdir ki, anlaşma mayın 1-dən etibarən qüvvəyə minir. Aprel ayında isə neft istehsalı sürətlə davam edəcək. İstehsalı azaldan ölkə Rusiya və Səudiyyə Ərəbistanı olacaq. Hərəsi 2.5 milyon barel hasilatı azaldacaq. Amma onların da daxili tələbatı aşağı düşüb. Yəni, ölkələrdə karantin rejimidir deyə, daxili tələbatları aşağı səviyyədədir. Daxili tələbatın aşağı düşməsinə görə, xarici ticarətdə bir dəyişiklik olmayacaq. Yenə də neftin böyük hissəsini satacaqlar. Yəni, 2.5 milyon barellik azalma sanki, daxili tələbatın azalması hesabına sayılacaq. Xaricə satdığı neftin həcmində bir dəyişiklik etməyəcəklər. Bu da dünya bazarlarında əlavə gərginlik yaradır".
Siyasi ekspert Vüqar Zifəroğlu isə Cebhe.info-ya açıqlamasında bu razılaşmanın Yaxın Şərqdə baş verən siyasi hadisələr fonunda nə qədər davamlı ola biləcəyindən söz açıb:
"Səudiyyə Ərəbistanı Yəməndə atəşkəs elan etdi. Amma 1 gün keçməmiş husilər Yəmənə zərbələr endirməyə başladılar. Faktiki olaraq, atəşkəsə əməl etməyəcəklərini göstərdilər. Bunun da Yaxın Şərqdə bir çox məsələlərə mane olacağı qənaətini yaradır. Təbii ki, qeyd etmək lazımdır ki, neftlə bağlı məsələlərə əməl ediləcək, məsələ aktuallığını qoruyacaq. Amma burda qeyd edilməli başqa məsələ var. Səudiyyə və Rusiyanın razılaşması fonunda İran faktorunu qeyd etmək lazımdır. Neft amili İran üçün də son dərəcə ciddi əhəmiyyətlidir. Əgər Yəməndəki əməliyyatları nəzərə alsaq, burada İran faktoru müəyyən mənada önəm daşıyır. Onlar bir sıra qruplaşmalardan, o cümlədən, Yəməndəki hərbi birləşmələrdən təzyiq aləti kimi istifadə edəcək. Çünki İranda vəziyyət kritikdir. Üç amil İran iqtisadiyyatını darmadağın edib. Birinci koronavirus məsələsidir. İkinci yerdə Amerikanın sanksiyalarıdır. Hətta ABŞ virusa baxmayaraq, sanksiyalarını geri çəkməyəcəyini açıqladı. Üçüncü məsələ isə neftin qiymətinin aşağı düşməsidir. Lakin deyim ki, meftin qiymətinin artması tərəflərin hər birinə sərf edir. Çünki indiki məqamda elə bir ölkə yoxdur ki, bundan divident əldə etməsin. İran da helə vəziyyətdə Suriya, Yəməndə təzyiq alətlərini işə salmağa çalışacaq".