“Bütün bəşəriyyət hazırda görünməz düşmənə qarşı çətin bir müharibə aparır. Türk Şurasının bu fövqəladə zirvəsi aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Bu prosesdən də, Allahın icazəsi ilə, güclənərək çıxacağımıza inanıram”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Ərdoğan nitqinin əvvəlində iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Ərdoğan Türk Şurası ölkələri səhiyyə nazirlərinin də ehtiyac olacağı halda videokonfrans həyata keçirərək, təcrübələrini bölüşə biləcəklərini düşündüyünü bildirib.
“Epidemiyanın təsiri ilə eyni zamanda qlobal miqyasda iqtisadi böhranla qarşı-qarşıyayıq. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilir. Xalqın sağlamlığını gözləməklə ən optimal həlləri həyata keçirməliyik”, - Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti çıxışında beynəlxalq ticarət və karqo daşınmasının tədarük zənciri baxımından həyati əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşınması üçün istifadə olunan dəmiryolu daşınmasını Orta Asiyaya uzada bilərik. Bakı-Tbilisi-Qars xətti ilə gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük”.
Ərdoğan çıxışı zamanı şura üzvlərindən keçid qiymətləri, sürücülərin vizaları kimi məsələlərdə şərait yaradılmasını gözlədiyini qeyd edib.
Qardaş ölkə lideri şura ölkələrinin pandemiyadan sonrakı dövr üçün hazırlanmalı olduğunu da vurğulayıb:
“Bu savaşı, əlbəttə ki, qazanacağıq. Pandemiyadan sonrakı dövr üçün də hazırlıq aparmalıyıq. Bu şəkildə bir fəaliyyət tərzinin mənimsənilməsi şuramızın beynəlxalq nüfuzunu və qlobal gücünü artıracaq”.