“Özbəkistan” jurnalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində reallaşdırılan silsilə tədbirlər və layihələr barədə geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, jurnalda “Şair Nəsimi - əbədiyyət üfüqlərində doğan eşq günəşi” adlı məqalədə dahi Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, böyük şairin əsərlərinin dünya ədəbiyyatının inciləri sırasına daxil edildiyi qeyd olunur.
Bildirilir ki, AMM-nin təşəbbüsü ilə “Nəsimi ili” çərçivəsində İmadəddin Nəsiminin “Жононни севарман” kitabı özbək dilində çap olunub. Topluda Nəsimi irsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nadir əlyazmaların surətləri, Nəsiminin rubailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniatürlərin surətləri də yer alıb.
Məqalədə Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans barədə geniş məlumatlar verilib, ötən ilin aprel ayında başlayan və hər iki ölkənin şairləri arasında elan edilən “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi haqqında məlumatlar öz əksini tapıb.
Müəllif vurğulayır ki, Azərbaycan və Özbəkistan ədəbiyyatı nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanan “Məndə sığar iki cahan” adlı kitab Daşkənddə çap edilib, habelə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamı keçirilib.