Son zamanlar iqlim dəyişmələrindən, qlobal istiləşmə barədə çox danışılır, çox yazılır. Hazırda qərəzsiz statistikaya əsaslanan yer kürəsində havanın temperaturunun son 100 ildə 1 dərəcə yüksəlməsi faktı artıq şübhə doğurmur.
BAKU.WS xəbər verir ki, statistika planetimizdə tufanların, qasırğaların, sel və daşqın hadisələrinin, quraqlığın, isti və soyuq hava dalğalarının nəzərə çarpacaq dərəcədə artdığını göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktoru Umayra Tağıyeva BAKU.WS-ə bildirib ki, bu gün baş verən anomal iqlim hadisələri daha çox antropogen xarakterlidir, insanın həyat fəaliyyəti ilə bağlıdır:
"Dunyada son illərin meteoroloji tədqiqatları göstərir ki, soyuq günlərin sayı azalır, isti günlərin sayı artmaqdadır. Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil. Son onilliklərdə ölkəmizdə şaxtalı günlərin sayının azalması fonunda, təbii ki qarlı günlərin sayı da azalır, Bakı üçün nadir hadisə olan qarlı hava demək olar ki müşahidə edilmir.
Ümumilikdə paytaxtda qarlı proseslər arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə bağlıdır. Son illərdə bu dövrlər çox davamlı olmur. Lakin yanvar ayının 24-də belə bir qısamüddətli prosess artıq gözlənilir".
Umayra Tağıyeva əlavə edib ki, bu ilin yanvar ayının birinci və ikinci ongünlüyündə Bakıda şaxtalı hava qeyd edilməyib: "Yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində havaların soyuması proqnozlaşdırılır. Belə ki, yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. Bakida və Abşeronda 24-dən 25-i səhərədək yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək, 0-3° isti olacaq, 25-də gecə isə 2-dək şaxta olacağı gözlənilir.
Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 23-24-də güclü küləkli olacaq, 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s, 24-də isə şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq.
Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var".