Sizin reklam burada
Sizin reklam burada

Qarabağ danışıqlarının dalana girməsi fonunda hərbi amil yenidən öndə - GƏLİŞMƏ

Qarabağ danışıqlarının dalana girməsi fonunda hərbi amil yenidən öndə - GƏLİŞMƏ


Qarabağa danışıqları Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüşlər təzə ildə də davam etdiriləcək. Ötən həftə Azərbaycanın baş diplomatının mətbuata verdiyi açıqlamadan belə məlum olur ki, ilk görüş bu ayda - yanvarda reallaşacaq. Lakin görüşün yeri və vaxtı hələlik dəqiqləşməyib. Məmmədyarov onu da deyib ki, qarşıdakı görüş zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərinin növbəti tarixi müəyyənləşdiriləcək.

Yada salaq ki, nazirlər arşında sonuncu birbaşa təmas ötən ilin dekabrında Bratislavada, həmsədrlərin iştirakı ilə baş tutub. Lakin 3 saat çəkən müzakirə zamanı tərəflər hər hansı anlaşma əldə edə bilməyib. Problem, həmişəki kimi, öz yerində qalır. Bunu Rusiya xarici işlər naziri vəzifəsini icra edən Sergey Lavrov da təsdiqləyib. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nəzərəçarpacaq dəyişikliklər baş verməyib”, - deyə o, ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, kiçik addımların həyata keçirilməsində irəliləyişlər var.

Lakin belə “kiçik addım”ların Qarabağ ixtilafının həllində heç bir ciddi nəticəyə gətirmədiyi, yalnız status-kvonu süni şəkildə uzatmağa xidmət elədiyi çoxdan bəllidir. Əsas da Rusiyanın konfliktin həllinə töhfə verməyəcəyi təqdirdə vəziyyətin müsbətə doğru dəyişməyəcəyini gərək ki, ən yaxşı elə Lavrov və digər Rusiya rəsmiləri bilir. Çünki nizamlama prosesinə ən güclü təkan vermək imkanı məhz Rusiyadadır - işğalçı ölkənin bu məsələdə iradəsi də bütünlüklə Kremlə bağlıdır. Kreml isə məsələsinin həllinə tələsmir. Sanki Dağlıq Qarabağ mövzusu Moskva üçün artıq ikinci, üçüncü dərəcəli bir məsələyə çevrilib. Belə yanaşma isə sövq-təbii konflikt zonasında müharibə ehtimalının yüksək qalmasını təmin edir.

*****

Yaranmış laqeyd yanaşma fonunda nə XİN rəhbərlərinin, nə də iki ölkə rəhbərlərinin görüşlərindən ciddi nəticə gözləməyə dəymir. Yeri gəlmişkən, Azərbaycan və Ermənistan başçılarının - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında növbəti görüşün nə vaxt keçiriləcəyi məlum deyil. Bunu Ermənistanın xarici işlər naziri deyib. Söz düşmüşkən, keçən il olduğu kimi bu il də İlham Əliyev və Nikol Paşinyan İsveçrədə keçirilən Davos İqtisadi Forumuna qatılacaqlar. Lakin Davosda onların yenidən bir araya gələcəkləri ilə bağlı hər hansı informasiya yoxdur...

****

“Ermənistanla Azərbaycan arasında danışıqlar illərdir nəticə vermir. Ona görə ki, Ermənistan hakimiyyətinin mövqeyində dəyişiklik yoxdur. Nikol Paşinyan hakimiyyətə gələndə müəyyən ümidlər var idi ki, danışıqlarda canlanma ola bilər. Ancaq tərsi baş verdi”.

Bu sözləri “Yeni Müsavat”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan “Qarabağ Ermənistandır” deməklə danışıqların nəticə verməyəcəyini anlatmış olub. “Eyni zamanda, o, çalışırdı ki, danışıqlarda separatçılar da təmsil olunsun. Yəni ziddiyyətli açıqlama və təkliflərinə son vermir. Ermənistan torpaqlarımızı boşaltmaq istəmir. İrəvanın əsas məqsədi status-kvonu uzatmaqdır. Nəticəsiz qalan danışıqlar məhz buna xidmət edir. Ona görə də İrəvan danışıqlardan imtina etmir. Bizə isə əksinə, danışıqlar ona görə lazımdır ki, konkret nəticə əldə edək. Ancaq biz bu nəticəni əldə edə bilmirik. Belə olan halda nəticəsiz danışıqlar İrəvanın maraqlarına xidmət etmiş olur. Hazırkı vəziyyətdə iki ölkənin liderinin görüşünün effekti olmayacaq. Gərək aşağı səviyyədə nəsə irəliləyiş olsun ki, liderlərin görüşünə ehtiyac yaransın. İndi isə buna ehtiyac yoxdur. Buna baxmayaraq, il ərzində keçiriləcək müxtəlif beynəlxalq platformlarda İlham Əliyevlə Nikol Paşinyanın görüşü istisna deyil. Ancaq ”nəticəsi" əvvəlcədən bəlli olan bu cür görüşlərin də Azərbaycana bir faydası yoxdur", - deyə o əlavə edib.

Politoloq Əziz Əlibəyli öz növbəsində Azərbaycanın antiterror əməliyyatı aparmaq haqqına malik olduğunu xatırladaraq deyir ki, status-kvo ermənilərin xeyrinədir və illərdir ki, bu, belə davam edir: “Üstəgəl, Rusiya ilə davam edən əməkdaşlıq, himayəçilik tarix ərzində zəifləmir ki, Azərbaycanın şansı olsun. Müxtəlif fasilələrlə ciddi toqquşmalar yaşansa da, Rusiyanın birbaşa müdaxiləsi Azərbaycanın həlledici addımına imkan verməyib. Bu gün isə destruktiv yanaşmaları ilə hakimiyyətə yeni gəlmiş Paşinyanın sələflərindən heç bir fərqi yoxdur. O baxımdan onda da, indi də mövcud vəziyyətdən məmnundurlar. Təəssüf ki, bu, Azərbaycan nəzərində heç də xoş görünmür. O zaman bir suala cavab verək: danışıqların alternativi varmı? İndiyə qədər biz müharibə cəhdinin bir işə yaradığını görmürük, çünki regional siyasət və qonşular da bizim mövqeyimizə uyğun deyil. Amma danışıqlarla da bir yerə varmaq olmur. Hesab edirəm ki, heç bir güc Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatları aparması haqqına mane olmamalıdır. Lakin münaqişə donub, buzun açılmasını heç kim istəmir. Yeganə yolumuz diaspor və lobbi işini artırmaqla, ordunu daha da gücləndirməkdir. Rusiya şimal ölkəsi kimi donmuş münaqişələrdən zövq alır, tərəflərə təzyiq edir və onları öz təsirində saxlayır.

Amma dəyişikliklərin də baş verməməsi mümkün deyil. Çünki hazırda Ermənistanda mərkəzi hakimiyyət oturuşmayıb və bu ölkə Cənubi Qafqazda sülhün yeganə təhlükəsi kimi çıxış edir. Ümid edək ki, yaxın zamanlarda klanlararası savaş yeni reallıqlar yaradar və bu, boşluqdan Azərbaycan faydalana bilər".

*****

Məsələ də bundadır ki, mövcud durumda işğala məruz qalan tərəf kimi Azərbaycan üçün “qızıl fürcət” yarananadək Bakı öz iqtisadi və hərbi gücünü daha da artırmaq, işğalçı Ermənistan üzərində hərbi üstünlüyü böyütməkdən savayı yol qalmır. Yeri gəlmişkən, hərbi göstəricilər baxımından ölkəmiz hər il bir az daha düşmən ölkəni geridə qoyur. Bu da növbəti fakt.

Dünya ordularının reytinqinə görə, Azərbaycan Silahlı Qüvvələri 137 ölkənin orduları sırasında ötən il bir pillə də yuxarı qalxaraq, 52-ci yerdə qərarlaşıb. Bu barədə “Global Firepower” beynəlxalq təhqiqat mərkəzinin 2019-cu il üçün yaydığı hesabatda bildirilir. Birinci yerdə ABŞ, 2-ci yerdə Rusiya, 3-cü sırada isə Çin qərarlaşıb. Qardaş Türkiyə 9-cu sırada - Böyük Britaniya və Almaniya arasındadır. İşğalçı Ermənistan isə daha iki pillə geriləyərək 96-cı yerdə, Çad və Tanzaniya arasında qərarlaşıb.

Məlumat üçün onu da qeyd edək ki, “Global Firepower” ölkələrin ordularını 55 göstərici üzrə qiymətləndirir. Bura silah-sursatın həcmi, hərbi texnikanın sayı, şəxsi heyətin sayı, nəqliyyat infrastrukturu, hərbi xərclər, neftə əl çatımlılıq və s. amillər daxildir. Yəni neft ölkəsi kimi yanacaq probleminin olmaması da müharibə zamanı Azərbaycanın xeyrinə işləyən ciddi amillərdəndir.

Heç şübhəsiz, aradakı fərq ilbəil daha da artacaq. Çünki Azərbaycan iqtisadi inkişafdadırsa, blokada vəziyyətində olan, dünya okeanına çıxışdan məhrum, iri regional layihələrdən kənarda qalan Ermənistan labüd olaraq, tənəzzülə doğru getməkdədir. Bundan əlavə, işğalçı ordunu saxlamaq, Azərbaycanın 20% ərazisinə nəzarət eləmək işğalçı tərəf üçün getdikcə daha ağır, daşınması mümkün olmayan yükə çevrilməkdədir.

Bura maliyyə amili ilə yanaşı, psixoloji amillər də daxildir. Məsələ ondadır ki, müharibənin hələ bitmədiyinə əmin olan erməni gənclər müxtəlif yollarla hərbi xidmətdən yayınır, Ermənistanı tərk edirlər. Nəticədə Ermənistan ordusu çağırışçı problemi yaşayır. Ötən il sonu bunu müdafiə naziri David Tonoyan da etiraf eləmişdi.

Beləcə, sülh danışıqlarının dalana girməsi fonunda hərbi amil yenidən önə çıxıb. Aydındır ki, dünyanın 96-cı (işğalçı) ordusu 52-ci orduya - Azərbaycan ordusuna qarşı duruş gətirmək gücündə deyil. Hələ ki, Rusiya faktoru təcavüzkarın layiqli cəzaya çatdırılmasına imkan vermir. Ancaq bu, əbədi davam edə bilməz...
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ