Ölkə başçısı müşavirədə çıxış edib
"Dövlət investisiya proqramının digər xüsusiyyəti ondan ibarətdir ki, bu, iş yerləri yaradan və mövcud olan iş yerləri saxlayan bir prosesdir. Keçən il ölkəmizdə 98 min yeni iş yeri yaradılıb. Bu, böyük bir rəqəmdir. Ancaq yenə də deyirəm, əhali 100 min artıb və hər il 100 min nəfər artacaq. Nə qədər çox əhali artsa, növbəti illərdə illik artım da çoxalacaq. Biz indi bunu əhalisi sürətlə artan ölkələrin timsalında görürük. Bu, böyük problemlər gətirir".
AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
"Artan əhali böyük üstünlükdür, təbiidir və eyni zamanda, bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür. Ancaq, eyni zamanda, bu, özlüyündə böyük problemlər də ehtiva edir. Hazırda çox sürətlə artan ölkələrin problemləri təhlil edilməlidir. Bu, təkcə İqtisadiyyat Nazirliyinin işi deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək resursları ilə bağlı, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlar, hesab edirəm ki, Nazirlər Kabineti bu məsələ ilə bağlı ciddi təhlil aparmalıdır və biz proqnozu bilməliyik. Bizim resurslarımızı dəqiq müəyyən etməliyik. Bizim mövcud ərazimiz, əkin sahələrimiz, təbii resurslarımız bəllidir. Onların gələcəkdə dəyişməsi mümkün deyil. Ona görə bütün bunlar hesablanmalıdır ki, 20 ildən sonra, 30 ildən sonra hansı vəziyyətlə üzləşəcəyik.
Yenə də deyirəm, hazırda əhalisi sürətlə artan ölkələrin təcrübəsi dəqiq təhlil edilməlidir. Beynəlxalq maliyyə qurumları ilə birlikdə biz uzunmüddətli strategiyanı işləməliyik. Mən yenə də deyirəm, indi bizim vəsaitə ehtiyacımız yoxdur. Amma biz beynəlxalq maliyyə qurumları ilə ona görə sıx əməkdaşlıq edirik ki, onlarda böyük təcrübə var. Onlar dünyanın bütün yerlərində fəaliyyət göstərirlər. Bu problem təkcə bizim problemimiz deyil. Düzdür, bu gün bu problem mövcud deyil. Əhali artmalıdır. Amma bir gün bu, problemə çevriləcək. Ona görə bizim iqtisadi artımımız artan əhaliyə uyğun olmalıdır".
Prezidentin sözlərinə görə, iqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu var: "Artıq mən burada qeyd etdim ki, növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır. Yəni, özəl sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti hesabına bu işləri görməlidir".