"Azərbaycanda indiyədək "donuz qripi"ndən ölən olmayıb".
Bu sözləri Lent.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, "donuz qripi"nin ölkədə yayılmaq təhlükəsi var:
"Bu, dünyanın hər yerində ola bilər. "Donuz qripi"nin kliniki gedişinə oxşar xəstəliklər də çoxdur. Ancaq hazırda bununla bağlı epidemoloji situasiya elə də gərgin deyil.
"Donuz qripi" təhlükəli xəstəlik deyil, ölüm faizi bütün hallarda 4 faizə qədər olur. Bu, qriplə birgə yanaşı gedən ağır xəstəliyə yoluxan insanlarda, yaxud uşaq, yaşlı, hamilə qadınlarda ola bilər. Belə vəziyyətlərdə ancaq xəstəlik ağırlaşa bilər".
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə saytımıza bildirib ki, ölkədə A(H1N1) virusu yoxdur:
"Mövsüm müddətində "donuz qripi"nə yoluxan xəstə qeydə alınmayıb".
Xatırladaq ki, Gürcüstanda son 5 ayda iki nəfər "donuz qripi" (H1N1) virusundan ölüb.